Bakı. Trend:
Bakı Şəhər Halqasında Formula 2 üzrə Azərbaycan Qran-prisinin sonuncu - ikinci əsas yarışı start götürüb.
Trend-in yarış ərazisinə ezam olunan müxbirinin xəbərinə görə, pilotlar 29 dövrə və ya 60 dəqiqə + 1 dövrə ərzində mübarizə aparacaqlar.
Əsas yarışa “Rodin Motorsport” komandasının pilotu Martinius Stenshorne ilk sıradan başlayacaq. O, cümə axşamı keçirilən ikinci sıralanma turunda 1 dəqiqə 53,728 saniyəlik nəticə ilə poul mövqeyini əldə edib. Komanda yoldaşı Aleksandr Dann isə 1,54,173-lük göstərici ilə ikinci yerdə qərarlaşıb. Beləliklə, “Rodin Motorsport” Feature Race 2 üçün də ilk iki start mövqeyini özündə saxlayıb.
Start cərgəsinin ikinci sırasının ilk mövqeyində çempionatın hazırkı lideri Rafael Kamara yer alacaq. Ondan sonra “PREMA Racing” pilotu Mari Boya, “ART Grand Prix”dən Kuş Maini və “Campos Racing”dən Noel Leon sıralanıb. Çempionatın digər əsas iddiaçılarından Nikola Tsolov isə səkkizinci yerdən start götürəcək.
Bakı mərhələsi çempionat mübarizəsi baxımından da xüsusi əhəmiyyət daşıyır. Cümə günü keçirilən ilk əsas yarışda Aleksandr Dann qalib gəlib, Martinius Stenshorne ikinci, Dino Beqanoviç isə üçüncü olub. Rafael Kamara finişə dördüncü çatmaqla çempionatın liderliyini ələ keçirib. Nikola Tsolov isə yarışı başa vura bilməyib. Bunun nəticəsində Kamara 182 xalla liderliyə yüksəlib, Tsolov 181 xalla ikinci, Dann isə 174 xalla üçüncü pilləyə qalxıb.
Dino Beqanoviç də Bakıdakı ilk yarış gününü məhsuldar keçirib. “DAMS Lucas Oil” pilotu əvvəlcə sprint yarışında qalib gəlib, daha sonra Feature Race 1-i üçüncü pillədə tamamlayıb. Sprintdə Laurens Van Hoepen ikinci, Aleksandr Dann isə üçüncü olub.
Azərbaycan Qran-prisinin builki Formula 2 proqramında ümumilikdə 67 xal uğrunda mübarizə nəzərdə tutulub. Bu isə Bakı mərhələsində nəticələrin çempionatın yekun sıralamasına ciddi təsir göstərə biləcəyi anlamına gəlir.
Qeyd edək ki, Formula 2 təqviminin 12-ci mərhələsi Bakıda keçirilir. Mövsümün bundan sonra daha iki mərhələsi – Qətərin Lusail və Birləşmiş Ərəb Əmirliklərinin Yas Marina traslarında keçiriləcək yarışlar – qalır.