Bakı.Trend:
Egey dənizində Mikonos adasının şimal sahillərində Yunanıstana məxsus "Blue Carrier-2" bərəsinin yük bölməsində yanğın baş verib.
Yunanıstanın "Skai" telekanalı hadisə ilə bağlı foto və videoları yayımlayaraq bildirib ki, ekipaj üzvlərinin və sərnişinlərin hamısı təhlükəsiz şəkildə Tinos adasına təxliyə edilib.
Bərədə ümumilikdə 28 ekipaj üzvü və 29-dan çox sərnişin olub. Xəsarət alan yoxdur. Bərənin anbarında minik və yük avtomobilləri qalıb.
Yunanıstan Yanğından Mühafizə Xidməti bərədəki yanğının söndürülməsi üçün dörd gəmi cəlb edib. Yanğını müşahidə etmək məqsədilə hadisə yerinə yanğınsöndürmə xidmətinin helikopteri də gəlib.
Gəminin sahibi "Attica Group" şirkəti bildirib ki, həm ətraf mühitin mühafizəsi, həm də yanğından sonra gəminin idarə olunması ilə bağlı bütün zəruri tədbirlərin görülməsi üçün ixtisaslaşmış şirkətlərə tapşırıq verib.