Bakı. Trend:
24–27 sentyabr tarixlərində İtaliyanın Pezaro şəhəri akrobatika gimnastikası üzrə Dünya çempionatına ev sahibliyi edir.
Bu barədə Azərbaycan Gimnastika Federasiyasından məlumat verilib.
Bildirilib ki, nüfuzlu yarışda ölkəmizi kişi cütlükləri – Murad Rəfiyev və Daniel Abbasov, Seymur Cəfərov və Rəsul Seyidli, eləcə də qadın qrupu – Anahita Bashiri, Zəhra Rəşidova və Nəzrin Zeyniyeva təmsil edirlər.
Çempionatın ilk təsnifat günündə Dünya kubokunun qızıl medalçıları olan qadın qrupumuz — Anahita Bashiri, Zəhra Rəşidova və Nəzrin Zeyniyeva temp hərəkətləri proqramında 28.330 xal toplayaraq 1-ci pillədən finala yüksəliblər.
Dünya Oyunlarının gümüş medalçıları Murad Rəfiyev və Daniel Abbasovdan ibarət kişi cütlüyümüz isə balans hərəkətləri proqramında 28.550 xal toplayıb. Təmsilçilərimiz təsnifat mərhələsini 3-cü yerdə başa vuraraq finala vəsiqə qazanıblar. Seymur Cəfərov və Rəsul Seyidlidən ibarət digər kişi cütlüyümüz isə 26.200 xalla temp hərəkətlərində, 51.850 xalla qarışıq hərəkətlər proqramında finala yüksəliblər.


