Bakı. Trend:
“SOCAR Trading” şirkəti Kot-d’İvuar Respublikasında yerləşən “Baleine” neft-qaz yatağından bu il ilk neft partiyasını götürməyi planlaşdırır.
Bunu “SOCAR Trading” şirkətinin Qlobal Biznesin İnkişafı üzrə rəhbəri Toğrul Köçərli cümə günü Bakıda keçirilən II Azərbaycan Beynəlxalq İnvestisiya Forumu çərçivəsində Trend-ə açıqlamasında deyib.
O bildirib ki, söhbət bir neçə tərəfdaşın pay sahibi olduğu neft yatağında hasil edilən neftin daşınmasından gedir.
“Yataqda dörd payçı var – "Vitol", "PetroCi", "SOCAR" və bizə payını satan "Eni". Onların arasında hansı gəmini "Vitol"un, hansını isə "SOCAR"ın aparacağı texniki məsələdir və bunun dəqiq detallarını deyə bilmərəm”, - deyə T.Köçərli bildirib.
Onun sözlərinə görə, SOCAR-ın yataqdan neftin ilk partiyasını götürməsi bu il ərzində baş verə bilər.
“Nəzərə alsaq ki, bu yataqda gündə təxminən 100 min barelə yaxın neft hasil olunur, bunun 10 faizini hesablasaq, gündəlik təxminən 10 min barel edir. Bu həcmdə neft təxminən 70 günə bir gəmini doldura bilər. Yəni təxminən iki aydan sonra bizim öz neft partiyamız formalaşa bilər”, - deyə o qeyd edib.
T.Köçərli əlavə edib ki, hasilat və yük bölgüsü ilə bağlı prosesdə bir neçə tərəfin iştirakı səbəbindən daşınmaların konkret qrafiki texniki razılaşmalardan asılı olacaq.