Bakı. Trend:
SOCAR-ın Kot-d’İvuarda enerji aktivi əldə etməsi 2026-cı ildə Azərbaycanın Afrikaya birbaşa xarici investisiyalarının (FDI) yüz milyonlarla dollar artmasına səbəb ola bilər.
Trend-in tədbirdəki müxbirinin məlumatına görə, bunu “SOCAR Trading” şirkətinin Qlobal Biznesin İnkişafı üzrə rəhbəri Toğrul Köçərli cümə günü Bakıda keçirilən II Azərbaycan Beynəlxalq İnvestisiya Forumunda deyib.
O bildirib ki, SOCAR-ın Kot-d’İvuarda aktiv əldə etməsi üzrə sövdələşmə sentyabr ayında tamamlanıb.
“Sentyabr ayından etibarən SOCAR-ın Kot-d’İvuarda aktiv əldə etməsi üzrə sövdələşmə tamamlanıb. Bu, çox yeni məlumatdır. Buna görə də hesab edirəm ki, 2026-cı ilin nəticələri Azərbaycanın Afrikaya birbaşa xarici investisiyalarında əhəmiyyətli artım göstərəcək və bu göstərici yüz milyonlarla dollar təşkil edə bilər”, - deyə T.Köçərli bildirib.
Onun sözlərinə görə, SOCAR-ın Afrika ölkələri ilə ticarət əlaqələri uzun illərdir inkişaf edir.
“SOCAR Trading vasitəsilə SOCAR artıq 15 ildən çoxdur ki, müxtəlif Afrika ölkələri ilə ticarət əlaqələri qurur. Aralıq dənizi regionunun bir hissəsi olan Şimali Afrika coğrafi baxımdan bizim üçün ən yaxın bazarlardan biridir və SOCAR-ın əsas tərəfdaşlarından birinə çevrilib”, - deyə o qeyd edib.
T.Köçərli bildirib ki, SOCAR uzun illərdir Liviya ilə əməkdaşlıq edir və son beş ildə iki ölkə arasında ticarət dövriyyəsi milyardlarla dollar təşkil edib.
“Liviyada uzun illərdir fəaliyyət göstəririk. Son beş ildə Liviya ilə ticarət dövriyyəmiz, ehtimal ki, milyardlarla dollar təşkil edib. Bu ölkədən böyük həcmdə xam neft alırıq”, - deyə o vurğulayıb.
SOCAR Trading rəsmisi Misirin də SOCAR üçün mühüm tərəfdaş olduğunu bildirib.
“Digər tərəfdən, Misir SOCAR-dan mayeləşdirilmiş təbii qazın (LNG) əsas alıcılarından biridir. SOCAR Misirin enerji təhlükəsizliyinin təmin edilməsində mühüm rol oynayır”, - deyə T.Köçərli qeyd edib.
O, Tunis ilə əməkdaşlığın da əhəmiyyətli olduğunu bildirib.
“Azərbaycan məhsullarının digər böyük alıcılarından biri Tunisdır. Düşünürəm ki, Tunis Azərbaycan regionundan xam neftin ən böyük alıcılarından biridir. Biz Tunisdəki neft emalı müəssisələrindən birinin əsas təchizatçılarından biriyik”, - deyə o əlavə edib.
T.Köçərli bildirib ki, SOCAR-ın Afrikadakı fəaliyyətində əsas artım potensialı enerji aktivlərinin əldə edilməsi kimi investisiya layihələri ilə bağlıdır.
“Artım perspektivini SOCAR-ın yaxın zamanda Kot-d’İvuarda həyata keçirdiyi sövdələşmə kimi layihələrdə görürük. Söhbət enerji aktivlərinin əldə edilməsindən gedir. Bundan əvvəl SOCAR-ın Benində bir aktivi – Kotonu limanında terminalı var idi. Bu, bizim Afrika bazarlarına ilk çıxışımız olmuşdu”, - deyə o bildirib.
Onun sözlərinə görə, SOCAR gələcəkdə Qərbi Afrika, Sub-Sahara Afrikası və Şimali Afrika bazarlarında daha fəal iştirak etməyi planlaşdırır.
“Belə sövdələşmələrin sayının artacağını gözləyirik. SOCAR olaraq Afrika bazarlarında, o cümlədən Qərbi Afrika, Sub-Sahara Afrikası və Şimali Afrikada daha fəal rol oynamaq niyyətindəyik. Şimali Afrikada yeni imkanlar axtarışında özümüzü kifayət qədər rahat hiss edirik”, - deyə T.Köçərli vurğulayıb.
O, digər Azərbaycan şirkətlərinin də Afrika bazarlarına marağının artdığını bildirib.
“SOCAR-la yanaşı, Azərbaycanın bir sıra digər iri şirkətləri də Afrikada biznes imkanlarını araşdırır. Afrika ölkələrinə dövlət dəstəyi ilə təşkil olunan səfərlər zamanı “AzerGold” və iqtisadiyyatın digər sahələrini təmsil edən qurumların nümayəndələrini də görürük”, - deyə o qeyd edib.
T.Köçərli Azərbaycanın Afrika ölkələri ilə həm ticarət, həm də investisiya dövriyyəsinin artmaqda olduğunu vurğulayıb.
“Əminəm ki, statistik göstəricilər Azərbaycanın Afrika ilə ticarət və investisiya dövriyyəsinin artdığını göstərir və bu artım gələcəkdə də davam edəcək”, - deyə o əlavə edib.