Bakı. Trend:
Sərnişinlərin ödənişsiz fəaliyyət göstərəcək “Avtovağzal” və “Xocəsən” metrostasiyalarından rahat istifadə edə bilməsi üçün AYNA tərəfindən bu stansiyalar müntəzəm marşrutlar üçün aralıq dayanacaq məntəqəsi kimi müəyyən edilib.
Bu barədə Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) məlumat yayıb.
Bildirilib ki, bu dayanacaqlardan Bakı–Sumqayıt yolundan paytaxt istiqamətində hərəkət edən marşrutlar istifadə edəcək.
Belə ki, metronun “Avtovağzal” stansiyasının (“Piramida” tərəf) qarşısında müntəzəm marşrutlar üçün dayanacaq məntəqəsi qruplaşdırılaraq 3 hissəyə ayrılıb və sərnişinlərin rahatlığı üçün dayanacaq məntəqəsi müvafiq nişanlarla işarələnib.
Sumqayıt şəhəri və Ceyranbatan qəsəbəsindən gələn 500, 503 və 508 nömrəli, Xırdalan şəhərindən 119 və 135 nömrəli, Masazır kəndindən 142, 525A və 525B nömrəli, Müşfiqabad qəsəbəsindən 114A və 114B nömrəli, Hökməli qəsəbəsindən 156 və 156A nömrəli, Sulutəpə qəsəbəsindən 158 nömrəli, Çiçək qəsəbəsindən 159 nömrəli, Binəqədi qəsəbəsindən 170 nömrəli və Biləcəri qəsəbəsindən gələn 83A nömrəli marşrut avtobusları burada aralıq dayanacağı olaraq saxlayacaq.
Avtobusların yenidən Bakı-Sumqayıt yoluna rahat va maneəsiz çıxa bilməsi üçün ərazidə xüsusi hərəkət zolağı təşkil edilib.
Eyni zamanda Lökbatan qəsəbəsindən gələn 130 nömrəli və Xocəsən qəsəbəsindən gələn 102 nömrəli marşrut avtobusları üçün aralıq dayanacaq məntəqəsi metronun “Xocəsən” stansiyası təyin edilib.
Qeyd edək ki, “Bakı Metropoliteni” QSC və Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin (AYNA) birgə yaydığı məlumata görə, xətlərin ayrılması layihəsi ilə əlaqədar sərnişinlər üçün əlavə hərəkət imkanlarının yaradılması və nəqliyyat axınlarının daha səmərəli təşkili məqsədilə 23.09.2026-cı il tarixindən “Xocəsən” və “Avtovağzal” stansiyalarına giriş müvəqqəti müddət üçün ödənişsiz olacaq.
