Bakı.Trend:
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan BMT-də genişmiqyaslı islahatların aparılmasına, Təhlükəsizlik Şurasında veto hüququnun ləğvinə, daimi üzvlük institutundan imtinaya, eləcə də Baş Assambleyanın səlahiyyətlərinin artırılmasına çağırıb.
Türkiyə lideri “Bloomberg” agentliyi üçün yazdığı “BMT Təhlükəsizlik Şurasının veto hüququ ləğv edilməlidir” başlıqlı məqaləsində bu addımı BMT islahatlarının əsas elementi hesab etdiyini vurğulayıb. Onun fikrincə, Təhlükəsizlik Şurasında imtiyazlı üzvlərin sayının sadəcə artırılması səlahiyyətlərin məhdud sayda dövlətin əlində cəmləşməsi problemini həll etməyəcək.
“İslahat eyni imtiyazın digər dövlətlərə verilməsi demək ola bilməz”, - deyə o vurğulayıb.
Türkiyə Prezidenti Baş Assambleyada “heç bir dövlətin çoxluğun iradəsini daim bloklamaq imkanına malik olmaması” prinsipinin ətrafında geniş koalisiya yaradılmasını təklif edib.
Türkiyə lideri, həmçinin BMT Təhlükəsizlik Şurasının formalaşdırılması prinsipinin dəyişdirilməsinin tərəfdarı olduğunu bildirib. Onun fikrincə, şurada daimi üzvlər olmamalı, ölkələr Baş Assambleya tərəfindən müəyyən müddətə və rotasiya prinsipi əsasında seçilməlidir.
“Keçmişin iyerarxiyasını qoruyaraq gələcəyin beynəlxalq nizamını qura bilmərik. Dünya tarixi baxımından kifayət qədər qısa müddət olan son 25 ildə baş verən hadisələr göstərdi ki, nə qüvvələr balansı, nə də hər hansı beynəlxalq nizam əbədi deyil. Bəşəriyyətə sülh, sabitlik və ümumi rifah vəd edən sistem yeni müharibələrin qarşısının alınmasında, bərabərsizliyin azaldılmasında və dəyişən qüvvələr balansına cavab verilməsində kifayət qədər effektiv olmadı”, - deyə Rəcəb Tayyib Ərdoğan qeyd edib.