Bakı.Trend:
Avropa İttifaqında (Aİ) Orta Dəhlizin inkişafı üçün nəzərdə tutulan 12 milyard avroyadək investisiya paketinin strukturu açıqlanıb.
Avropa Komissiyasından Trend-in sorğusuna cavab olaraq bildirilib ki, söhbət “Global Gateway” təşəbbüsü çərçivəsində cəlb edilməsi planlaşdırılan həm dövlət, həm də özəl investisiyalardan gedir.
“Avropa Komissiyasının prezidenti Ursula fon der Lyayen 2026-cı il üzrə İttifaqın vəziyyəti ilə bağlı çıxışı zamanı elan etdiyi kimi, “Global Gateway” vasitəsilə 12 milyard avroyadək dövlət və özəl investisiyanın cəlb edilməsinə çalışırıq. Elan edilən məbləğ həm dövlət, həm də özəl investisiyalara aiddir. Qarşılıqlı əlaqəlilik gündəliyinin tərəfdaş ölkələr, beynəlxalq maliyyə institutları və özəl sektorla birgə Dəhlizə 12 milyard avrodan çox investisiya təmin edəcəyi gözlənilir”, - deyə Avropa Komissiyasının nümayəndəsi bildirib.
Agentliyin həmsöhbətinin sözlərinə görə, Aİ maliyyə institutları və Avropa şirkətləri ilə birgə sürətlə inkişaf edən regionda Avropa sənayesi üçün yeni imkanlar yaradacaq layihənin həyata keçirilməsi üçün ekspertiza və həllər təqdim etməyə hazırdır.
Avropa Komissiyasının nümayəndəsi qeyd edib ki, Orta Dəhliz Mərkəzi Asiyanı Xəzər dənizi vasitəsilə Cənubi Qafqazla, Türkiyə və Qara dəniz üzərindən isə birbaşa Avropa bazarı ilə birləşdirəcək.
“2023-cü ilə qədər əsas məqsəd marşrutların şaxələndirilməsi, ticarət həcmlərinin üç dəfə artırılması və yüklərin tranzit müddətinin əhəmiyyətli dərəcədə azaldılmasıdır”, - deyə Avropa Komissiyasının nümayəndəsi qeyd edib.
Avropa Komissiyasından bildirilib ki, təşəbbüs həmçinin daha böyük sinerji və daha əhəmiyyətli nəticə əldə etmək üçün Mərkəzi Asiya, Cənubi Qafqaz və Qara dəniz regionunda regional səviyyədə həyata keçirilən işləri bir araya gətirməyə yönəlib.
“İnvestisiyaları, xüsusilə nəqliyyat infrastrukturuna yatırılan investisiyaları tənzimləyici əməkdaşlıqla əlaqələndirməklə, ticarət marşrutlarını daha sürətli, səmərəli və dayanıqlı etməyə çalışırıq. Xüsusilə, ən yüksək beynəlxalq standartlara uyğun rəqəmsal qarşılıqlı əlaqəliliyin genişləndirilməsi ticarət marşrutlarının səmərəli fəaliyyəti, eləcə də iqtisadiyyatların və cəmiyyətlərin inklüziv və dayanıqlı inkişafı üçün mühüm əhəmiyyət daşıyır”, - deyə Avropa Komissiyasının nümayəndəsi əlavə edib.
Xatırladaq ki, Avropa Komissiyasının prezidenti Ursula fon der Lyayen 2026-cı il üzrə İttifaqın vəziyyəti ilə bağlı çıxışı zamanı Cənubi Qafqazı və Mərkəzi Asiyanı birbaşa Avropa bazarı ilə birləşdirməli olan qarşılıqlı bağlantı sahəsində yeni beynəlxalq layihəni elan edib.
“Bu gün qarşılıqlı bağlantı sahəsində yeni beynəlxalq layihəni elan edə bilərəm. Bu layihə Cənubi Qafqazı və Mərkəzi Asiyanı birbaşa Avropa bazarı ilə birləşdirəcək - biz onu Orta Dəhliz adlandırırıq. “Global Gateway” vasitəsilə 12 milyard avroyadək dövlət və özəl investisiyanın cəlb edilməsinə çalışırıq. Məqsədimiz marşrutları şaxələndirmək, ticarət həcmlərini üç dəfə artırmaq və 2030-cu ilədək yüklərin tranzit müddətini əhəmiyyətli dərəcədə azaltmaqdır”, - deyə o bildirib.
Qeyd edək ki, Orta Dəhliz regionun bir sıra ölkələrindən keçən, Asiya ilə Avropanı birləşdirən nəqliyyat və ticarət marşrutudur. Bu, ənənəvi Şimal və Cənub dəhlizlərinə alternativdir.
Marşrut Çindən başlayır və Qazaxıstan, Özbəkistan və Türkmənistan kimi Mərkəzi Asiya ölkələrindən keçərək, Xəzər dənizi, Azərbaycan, Gürcüstan və Türkiyədən keçərək Avropaya çatır. Orta Dəhliz Asiyanın şərq bölgələrini, o cümlədən, Çini Avropa ilə birləşdirən, daha uzun dəniz yollarından yan keçməklə quru yolu təklif edir.