Bakı.Trend:
Beynəlxalq Münasibətlərin Təhlili və Multikulturalizm Mərkəzinin təşkilatçılığı ilə “Azərbaycanın dövlətçilik tarixində Qafqaz Albaniyası irsi” mövzusunda tədbir keçirilib.
Trend-in tədbirdəki müxbiri xəbər verir ki, tədbirdə Beynəlxalq Münasibətlərin Təhlili və Multikulturalizm Mərkəzinin (BMTMM) İdarə Heyətinin sədri Fərid Şəfiyev, AMEA-nın Tarix və Etnologiya İnstitutunun şöbə müdiri, tarix elmləri doktoru, Qafqaz Tarixi Mərkəzinin direktoru, hərbi ekspert Rizvan Hüseynov, BMTMM-in İdarə Heyətinin sədrinin müavini Fərhad Məmmədov, eləcə də tanınmış tarixçilər, siyasi ekspertlər və media nümayəndələri iştirak ediblər.
BMTMM-in İdarə Heyətinin sədri Fərid Şəfiyev çıxışında Qafqaz Albaniyası irsinin elmi və siyasi baxımdan öyrənilməsinin vacibliyinə diqqət çəkib. O bildirib ki, Qafqaz Albaniyasının tarixi uydurma “Böyük Ermənistan” ideyasını və ərazi iddialarını elmi müstəvidə darmadağın edir.
"Azərbaycan ərazisində bir sıra dövlətlər var olub və hər bir dövlət bizim dövlətçiliyində, bizim milli kimliyimizdə müəyyən bir irs qoyub. Bu məsələlər hərtərəfli araşdırılmalıdır, bununla bağlı işlər gedir, kitablar dərc olunur . Amma təcrübə göstərir ki, burada hər hansı bir boşluq yarananda bundan istifadə edirlər.
Bizim ərazimizdə müxtəlif kilsələr var, biz bunları qoruyub saxlayırıq, o cümlədən erməni kilsəsini. Hadisələr göstərir ki, Ermənistanda radikallar təkcə müxalifətdə deyil, dövlətin içində də var”,- deyə F.Şəfiyev vurğulayıb.
Qafqaz Tarixi Mərkəzinin direktoru, hərbi ekspert Rizvan Hüseynov qeyd edib ki, 1909-cu ilə qədər ermənilər heç Gəncəsər monastırının qapısını açmırdılar.
O bildirib ki, Qarabağda bütün xristian dünyası üçün mühüm olan üç kilsə var:
“Yəni tək Qarabağ üçün yox, tək Qafqaz xristianlığı üçün yox, ümumbəşər xristianları üçün üç kilsə var. Biri Gəncəsərdir, biri Xudavəng, biri də Amarasdır (Ağoğlan). Nəyə görə? Onların iddiasına görə, Gəncəsərdə peyğəmbər Yəhyanın başı basdırılıb. Yəhya müjdəçidir, İsa peyğəmbərin gəlməsində böyük rol oynayıb, özünü də şəhid edib.
İkincisi, sözsüz ki, Amarasdır - Ağoğlandır. Orada müqəddəs Qriqoris dəfn olunub. Gənc Qriqoris Albaniyanın birinci katolikos patriarxı olub. Üçüncüsü, Xudavəngdir. Burada da müqəddəs Faddey dəfn olunmuşdu. Antiterror əməliyyatından sonra ən birinci elə çəkilişdə biz gördük ki, ermənilər oranı qazıb və bütün o sümükləri, yəni müqəddəs Faddeyin nəşini aparıblar. Əslində, bu, barbarlıqdır, biz bunu qabartmalıyıq, bütün xristian dünyası görməlidir ki, bu vəhşilikdir"
Beynəlxalq Münasibətlərin Təhlili və Multikulturalizm Mərkəzinin İdarə Heyəti sədrinin müavini Fərhad Məmmədov çıxışında qeyd edib ki, Ermənistan kilsəsi Ermənistan cəmiyyətində en böyük revanşist qüvvədir.
“Ermənistan cəmiyyətində revanşist hisslər və institusional olaraq onun dəstəklənməsi məhz bu instituta aiddir. Düşünürəm ki, bu istiqamətdə hüquqşünaslarımız, tarixçilərimiz əlimizi gücləndirməlidir. Təsadüfi deyil, tarixçimiz İsmayıl müəllimin böyük bir sözü var idi ki, ermənilərlə müzakirələrdə ermənilər hər şeyin onlara aid olmasını, biz isə bizə aid olmasını isbat etməyə çalışırıq. Çünki Azərbaycanın böyük tarixi, ermənilərin isə tarixçiləri var”,- deyə o vurğulayıb.
Xəbər yenilənəcək




