Bakı.Trend:
Məşhur rəngli "LEGO" kərpiclərindən hazırlanmış modellərin Avropanın ən böyük sərgisində 15 milyondan çox detal nümayiş etdirilir.
Bu barədə "Euronews" telekanalı məlumat yayıb.
Həm uşaqlar, həm böyüklər, həm "LEGO" həvəskarları, həm də sadəcə maraqlanan ziyarətçilər üçün nəzərdə tutulan sərgidə əsas məhdudiyyət yalnız təxəyyüldür.
Sərgi 2 min kvadratmetr ərazini əhatə edir. Burada məşhur rəngli kərpiclərdən hazırlanmış 120-dən çox model, o cümlədən dörd nəhəng "supermodel" nümayiş olunur.
Sərginin məsul şəxsi Lukas Sivieçin sözlərinə görə, "supermodellər" 500 mindən çox "LEGO" detalından hazırlanıb və ölçülərinə görə digər modellərdən əhəmiyyətli dərəcədə fərqlənir.
Onlardan biri ABŞ prezidentinin rəsmi təyyarəsi olan "Air Force One"ın maketidir. Boeing 747 təyyarəsinin 1:7 miqyasında hazırlanmış bu modelin yaradılmasında dəqiq sayı məlum olmasa da, təxminən 1 milyon "LEGO" detalından istifadə edildiyi bildirilir. Altı nəfərdən ibarət komandanın hazırladığı maketin ərsəyə gəlməsi təxminən altı ay çəkib.
Təşkilatçıların məlumatına görə, modelin uzunluğu təxminən 11 metr, eni 10 metr, hündürlüyü isə 3 metrdir.
Ziyarətçilər həmçinin orta əsrlər əjdahasından ilhamlanan "Böyük qırmızı əjdaha" fiqurunu və 900 min "LEGO" detalından hazırlanmış Spinozavr modelini görə bilərlər.
Bununla belə, sərgidə yalnız nəhəng modellər nümayiş etdirilmir. Müxtəlif mövzuları əhatə edən və fərqli ölçülərdə hazırlanmış çoxsaylı digər "LEGO" konstruksiyaları da ziyarətçilərin ixtiyarına verilib.


