Bakı.Trend:
“Anglo Asian Mining” şirkətinin ilk yarımillik hesabatında qeyd olunur ki, istehsalın əhəmiyyətli dərəcədə artması fonunda 2026-cı ildə mis Azərbaycanda şirkətin əsas məhsuluna çevrilib.
2026-cı ilin yanvar-iyun aylarında “Anglo Asian” 8 840 ton mis istehsal edib. 2025-ci ilin eyni dövründə bu göstərici 1 188 ton təşkil edib.
Şirkət 2026-cı il üzrə mis istehsalı proqnozunu 20–25 min ton səviyyəsində saxlayır. Bununla yanaşı, mis istehsalının "All-In-Sustaining Cost" (AISC) göstəricisi üzrə maya dəyəri proqnozu ton başına 6–7 min dollara endirilib.
“Anglo Asian Mining” orta müddətli perspektivdə çoxprofilli orta səviyyəli mis istehsalçısına çevrilmə strategiyasının həyata keçirilməsinə əminliyini qoruyur. Şirkət qeyd edib ki, 2025-ci ildə iki yeni mədənin — “Gilar” və “Dəmirli”nin istismara verilməsindən sonra 2026-cı ildə əsas istehsal etdiyi metal kimi misə keçib.
“İlin ilk yarısında əldə etdiyimiz təsirli nəticələri açıqlamaqdan məmnunam. Yeni “Gilar” və “Dəmirli” mədənlərinin əhəmiyyətli töhfəsi sayəsində yarımillik mis istehsalında rekord göstəriciyə nail olduq. Bu, gəlirimizi, mənfəətimizi və xalis pul vəsaitimizi əhəmiyyətli dərəcədə artırmağa imkan verdi”, - deyə “Anglo Asian Mining” şirkətinin baş icraçı direktoru Reza Vəziri bildirib.
Onun sözlərinə görə, “Dəmirli” layihə gücünə çatdıqca mis istehsalı rübdən-rübə artmaqda davam edir və layihə gücünə tam çatmanın 2026-cı ilin dördüncü rübündə baş verməsi gözlənilir.
“Strategiyamıza uyğun olaraq, mis 2026-cı ildə və orta müddətli perspektivdə istehsal etdiyimiz əsas metal olacaq. “Xarxar” və “Qaradağ” yataqlarında işlər gözləntilərimizə uyğun irəliləyir və bu layihələrin müvafiq olaraq 2028 və 2029-cu illərdə istismara verilməsi planlaşdırılır”, - deyə Vəziri bildirib.