Bakı. Trend:
Lənkəran şəhər 8 nömrəli tam orta məktəbin məzunu Xaliq Zeynallı Dövlət İmtahan Mərkəzinin qəbul imtahanında 617 bal toplayaraq Xəzər Universitetində Baytarlıq ixtisasını seçib.
Yüksək nəticə göstərən gəncin məhz baytarlıq ixtisasına üstünlük verməsi ictimaiyyətin diqqətini çəkib və sosial şəbəkələrdə geniş müzakirə olunub. Müzakirələrin bir qismində belə yüksək bal toplayan abituriyentin daha yüksək keçid balı olan və ənənəvi olaraq daha prestijli hesab edilən ixtisaslardan birini deyil, məhz baytarlığı seçməsi ilə bağlı müxtəlif fikirlər səsləndirilib.
Xaliq Zeynallının öz gələcəyini kənd təsərrüfatı sektoru ilə bağlamaq qərarı “PAŞA Holding”ə daxil olan Agro Dairy şirkətinin də diqqətini çəkib. Aqrar sektorda peşəkar insan kapitalının formalaşmasına və gənclərin bu istiqamətdə inkişafına xüsusi önəm verən şirkət onun seçimini dəstəkləmək qərarına gəlib. Bu məqsədlə görüş zamanı Xaliq Zeynallıya təhsil prosesində istifadə etməsi və gələcək peşəkar inkişafına töhfə verməsi üçün texniki avadanlıqlar hədiyyə edilib.
Görüşdə Agro Dairy şirkətinin İdarə Heyətinin sədri Niyazi Əmirbəyov, Xəzər Universitetinin rektoru Dr. Razia İsaeva, Xaliq Zeynallı, eləcə də şirkət və universitetin nümayəndələri iştirak ediblər.
Bununla yanaşı, Niyazi Əmirbəyovun sədri olduğu Aqrar Məşvərət Şurası İctimai Birliyinin təqaüd proqramı çərçivəsində Xaliq Zeynallıya bir il müddətində – payız və yaz semestrləri üzrə aylıq təqaüd təyin olunub.
Görüşün sonunda baytarlıq sahəsində təhsil və praktiki əməkdaşlığın daha da inkişaf etdirilməsi məqsədilə Xəzər Universiteti ilə Agro Dairy arasında əməkdaşlıq memorandumu imzalanıb.
Baytarlıq kənd təsərrüfatı sektorunun strateji peşələrindən biridir
Baytarlıq yalnız heyvanların müalicəsi ilə məhdudlaşan bir peşə deyil. Baytar mütəxəssisləri heyvan sağlamlığının qorunması və xəstəliklərin qarşısının alınması ilə yanaşı, heyvandarlığın məhsuldarlığının artırılmasına, qida təhlükəsizliyinin təmin edilməsinə və kənd təsərrüfatının dayanıqlı inkişafına mühüm töhfə verirlər.
Bu baxımdan Xaliq Zeynallının 617 bal kimi yüksək nəticə ilə məhz baytarlıq ixtisasını seçməsi gənclərin kənd təsərrüfatı sektoruna marağının və bu sahədə peşəkar gələcək qurmaq istəyinin diqqətçəkən nümunəsidir.
Agro Dairy aqrar sektorda peşəkar insan kapitalının inkişafını prioritet istiqamətlərdən biri kimi müəyyən edib. Şirkət bu yanaşma çərçivəsində aqrar ixtisaslar üzrə təhsil alan və gələcək karyerasını kənd təsərrüfatı ilə bağlamaq istəyən gənclərin inkişafına yönəlmiş müxtəlif təşəbbüslər həyata keçirir.
Bu təşəbbüslər çərçivəsində ADA Universitetində 400-dən yuxarı bal toplayaraq kənd təsərrüfatı istiqaməti üzrə ixtisasları seçən tələbələrin təhsil xərcləri Agro Dairy tərəfindən maliyyələşdirilir. Eyni zamanda, Azərbaycan Dövlət Aqrar Universitetində yüksək akademik göstəricilərə malik tələbələr üçün Akademik Mükəmməllik Təqaüd Proqramı həyata keçirilib.
Niyazi Əmirbəyov bildirib ki, kənd təsərrüfatının gələcəyi yalnız texnologiya və investisiyalarla deyil, eyni zamanda savadlı, peşəkar və motivasiyalı insan kapitalının formalaşması ilə bağlıdır.
O qeyd edib ki, bu təşəbbüsə “Azərbaycan Respublikasında kənd təsərrüfatı, balıqçılıq və akvakultura məhsullarının istehsalı və emalı sahələrinin inkişafına dair 2026–2030-cu illər üçün Dövlət Proqramı” kontekstində də baxmaq olar:
“Bu gün kənd təsərrüfatı sektoru Azərbaycanın qeyri-neft iqtisadiyyatının inkişafında mühüm rol oynayır. Bu baxımdan sektorda peşəkar kadrların yetişdirilməsi xüsusi əhəmiyyət daşıyır.
Rəhbərlik etdiyim şirkət və ictimai birlik olaraq ali məktəblərə qəbul olunan, yüksək nəticə göstərən və xüsusilə kənd təsərrüfatı istiqamətini seçən istedadlı gənclərə dəstək göstərməyi vacib hesab edirik. Xaliq çox yüksək nəticə göstərib və bu ixtisası şüurlu şəkildə özü seçib. Gənclər arasında kənd təsərrüfatı ixtisaslarına marağın artması bizim üçün sevindiricidir.
Hesab edirəm ki, sektorda fəaliyyət göstərən şirkətlərin yeni yetişən kadrlara dəstəyi gələcəkdə peşəkar mütəxəssislərin sayının artmasına və bütövlükdə kənd təsərrüfatının inkişafına mühüm töhfə verə bilər”.
Niyazi Əmirbəyov, həmçinin sektorda peşəkar kadrlara tələbatın artdığını bildirib:
“Sahə sürətlə inkişaf edir və bu da öz növbəsində yeni mütəxəssislərə ehtiyac yaradır. Kənd təsərrüfatı sektorunun gənclər üçün daha cəlbedici olması istiqamətində üzərimizə mühüm məsuliyyət düşür. Bu səbəbdən ali təhsil müəssisələri ilə əməkdaşlığımız davam edəcək və daha da genişlənəcək”.
Xaliq Zeynallı isə seçimi ilə bağlı səsləndirilən müxtəlif fikirlərə baxmayaraq, verdiyi qərara əmin olduğunu bildirib:
“Mən tənqidi fikirlərlə yanaşı, geniş dünyagörüşünə malik, savadlı insanların dəstəyini və xoş sözlərini də gördüm. Bu, düzgün qərar verdiyimə bir daha əmin olmağıma səbəb oldu.
Gün keçdikcə dəyərli insanların mənimlə həmsöhbət olduğunu və seçimimə dəstək verdiyini gördükcə qərarımın doğruluğuna daha çox əmin oluram. İstədiyim ixtisas üzrə təhsil aldığıma və belə dəstək gördüyümə görə çox xoşbəxtəm.
Özümdən sonra gələn gənclərə də məsləhət görürəm ki, əgər heyvanlara, heyvandarlığa və ümumilikdə kənd təsərrüfatına maraqları varsa, istər baytarlıq, istərsə də aqronomluq olsun, bu sahəni seçərək ölkəmizdə peşəkar mütəxəssis kimi formalaşa bilərlər”.
Xaliq Zeynallının seçimi bir daha göstərir ki, yüksək qəbul balı yalnız daha geniş ixtisas seçimi imkanı yaratmır. Əsas məsələ gəncin öz marağına, potensialına və gələcək məqsədlərinə uyğun peşəni seçməsi və həmin istiqamətdə peşəkar kimi formalaşmasıdır.






