Bakı.Trend:
Azərbaycan-Özbəkistan İnvestisiya Şirkəti (AUIC) Özbəkistanın Fərqanə vilayətində 800 çarpayılı xəstəxananın tikintisi layihəsini həyata keçirən konsorsiuma qoşulub. Avropa Yenidənqurma və İnkişaf Bankı (AYİB) bu layihənin maliyyələşdirilməsi üçün 158 milyon ABŞ dollarınadək vəsait ayırma imkanını nəzərdən keçirir.
Bu barədə AYİB-in məlumatında deyilir.
Təklif olunan maliyyə paketi 120 milyon ABŞ dollarınadək məbləğdə təminatlı senior kredit və 38 milyon ABŞ dollarınadək məbləğdə körpü kreditindən (bridge loan) ibarətdir. Vəsaitlər tibbi kompleksin layihələndirilməsi, tikintisi, təchiz edilməsi, texniki xidmətinin göstərilməsi və sonradan təhvil verilməsi üçün yönəldiləcək.
Layihə Özbəkistanın Səhiyyə Nazirliyi ilə bağlanmış 23 illik dövlət-özəl tərəfdaşlığı sazişi çərçivəsində həyata keçiriləcək.
Layihənin ümumi dəyəri 340 milyon ABŞ dollarınadək qiymətləndirilir. AYİB-in nəzərdə tutulan maliyyələşməsindən əlavə, layihənin sponsorlar tərəfindən səhmdar kreditləri, eləcə də digər beynəlxalq maliyyə və inkişaf institutlarının vəsaitləri hesabına maliyyələşdirilməsi planlaşdırılır.
Borcalanlar beynəlxalq konsorsiumun iştirakçılarının bərabər və ya paylı əsaslarla benefisiar olduğu xüsusi layihə şirkətləri olacaq. Konsorsiuma Səudiyyə Ərəbistanının "Vision International Investment Company" (Vision Invest) şirkəti, "KOC Construction Mekanik Elektrik" LLC FE və Azərbaycan-Özbəkistan İnvestisiya Şirkəti (AUIC) daxildir. AUIC ikitərəfli iqtisadi əməkdaşlığın təşviqi və investisiya layihələrinin həyata keçirilməsi məqsədilə Azərbaycan və Özbəkistan hökumətləri tərəfindən təsis edilmiş birgə investisiya müəssisəsidir.
Tibbi kompleks 800 çarpayı üçün nəzərdə tutulub və əhalinin yüksək texnologiyalı tibbi xidmətlərə, o cümlədən ürək cərrahiyyəsi, neyrocərrahiyyə və transplantologiyaya çıxış imkanlarını genişləndirməlidir.
Dərc olunmuş məlumatlar əsasında aparılan hesablamalara görə, AYİB-in 158 milyon ABŞ dollarınadək nəzərdə tutulan maliyyələşməsi ümumi dəyəri 340 milyon ABŞ dolları olan layihənin təxminən 46,5 faizini əhatə edə bilər. Qalan 182 milyon ABŞ dollarınadək vəsaitin sponsorlar və digər beynəlxalq inkişaf institutları tərəfindən cəlb edilməsi nəzərdə tutulur.