Bakı. Trend:
Azərbaycanın ümumi daxili məhsulunda (ÜDM) qeyri-neft-qaz sektorunun payının 2027–2030-cu illərdə əhəmiyyətli dərəcədə artacağı proqnozlaşdırılır. Bu barədə Maliyyə Nazirliyinin açıqladığı “2027-ci il dövlət və icmal büdcələrinin ilkin göstəricilərinə dair Açıqlama” sənədində bildirilib. Sənədə əsasən, baza ssenarisində 2027–2030-cu illər üzrə neftin bir barelinin orta illik ixrac qiymətinin 65 ABŞ dolları olacağı fərz edilib. Proqnozlara görə, 2027-ci ilin sonuna Azərbaycanın ÜDM-i 141 milyard manat təşkil edəcək. Bunun 109,1 milyard manatını qeyri-neft-qaz ÜDM-i təşkil edəcək. Bu göstəricilər əsasında həmin il qeyri-neft-qaz sektorunun ÜDM-də payı təxminən 77,4 faiz olacaq. Proqnoz dövrünün sonunda isə, yəni 2030-cu ildə, ölkənin ÜDM-nin 169,1 milyard manata, qeyri-neft-qaz ÜDM-nin isə 138,6 milyard manata çatacağı gözlənilir. Beləliklə, 2030-cu ildə qeyri-neft-qaz sektorunun ÜDM-də payının 82 faizə yüksələcəyi proqnozlaşdırılır. Bu, 2027-ci illə müqayisədə payın təxminən 4,6 faiz bəndi artması deməkdir. Sənəddə qeyd olunur ki, ortamüddətli dövrdə Azərbaycanın ÜDM-nin real artım tempinin orta illik 3,3 faiz, qeyri-neft-qaz ÜDM-nin real artımının isə orta hesabla 4,4 faiz olacağı proqnozlaşdırılır. Beləliklə, qeyri-neft-qaz sektorunda artımın ümumi iqtisadi artımdan daha yüksək olacağı gözlənilir. Bu da növbəti illərdə iqtisadi artımın strukturunda qeyri-neft sektorunun rolunun genişlənməsi ilə müşayiət olunacaq. Açıqlamada yer alan qrafikə görə, 2025-ci ildə ÜDM-in real artımı 1,4 faiz, 2026-cı ildə 1,7 faiz, 2027-ci ildə 2,7 faiz, 2028-ci ildə 2,6 faiz, 2029-cu ildə 4,2 faiz, 2030-cu ildə isə 3,6 faiz səviyyəsində proqnozlaşdırılır. Qeyri-neft-qaz sektorunda artım tempinin isə 2025-ci ildə 2,7 faiz, 2026-cı ildə 3,1 faiz, 2027 və 2028-ci illərdə 4,4 faiz, 2029-cu ildə 4,3 faiz, 2030-cu ildə isə 4,5 faiz olacağı gözlənilir. Eyni zamanda, neft-qaz sektorunda 2025-ci ildə 1,6 faiz, 2026-cı ildə 1,8 faiz, 2027-ci ildə 1,8 faiz, 2028-ci ildə 3,5 faiz, 2029-cu ildə isə 4 faiz azalma proqnozlaşdırılır. 2030-cu ildə isə neft-qaz sektorunda real artımın sıfır səviyyəsində olacağı gözlənilir. Beləliklə, 2027–2030-cu illərdə qeyri-neft-qaz sektorunun həm real artım tempinə, həm də ÜDM-də xüsusi çəkisinə görə mövqeyinin güclənəcəyi proqnozlaşdırılır. Bu dövrdə qeyri-neft-qaz sektorunun ÜDM-də payının 77,4 faizdən 82 faizə yüksəlməsi gözlənilir.