Bakı. Trend:
Kiberdələduzluğun, o cümlədən elektron informasiya sistemlərindən və rəqəmsal texnologiyalardan istifadə etməklə törədilən dələduzluğun Cinayət Məcəlləsində ayrıca hal kimi müəyyən edilməsi təklif olunur.
Trend-in tədbirdəki müxbirinin xəbərinə görə, bunu Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin üzvü, deputat Səbinə Salmanova komitənin bugünkü iclasında çıxışı zamanı deyib.
Deputat bildirib ki, komitənin fəaliyyət istiqamətlərindən biri ölkənin təhlükəsizliyinin müasir çağırışlara uyğun təmin edilməsidir. Onun sözlərinə görə, hazırda bu çağırışlar sırasında kibertəhlükəsizlik və kibermühitdə törədilən cinayətlər xüsusi yer tutur.
S.Salmanova qeyd edib ki, son dövrlərdə vətəndaşların üzləşdiyi ciddi problemlərdən biri kiberdələduzluqdur.
“Xüsusilə insanların bank kartları, elektron hesabları və şəxsi məlumatlarının müxtəlif rəqəmsal üsullarla ələ keçirilməsi cəmiyyət tərəfindən ciddi narahatlıq doğurur”, - deyə deputat bildirib.
O qeyd edib ki, bununla bağlı komitənin ilk iclasında bir təklifi diqqətə çatdırmaq istəyir.
Deputatın sözlərinə görə, Cinayət Məcəlləsinin 178-ci maddəsi dələduzluğu ümumi formada tənzimləyir. O hesab edir ki, rəqəmsal texnologiyalardan istifadə etməklə törədilən yeni dələduzluq üsullarının qanunvericilikdə daha dəqiq əks olunmasına ehtiyac var.
“Təklif edirəm ki, 178-ci maddəyə elektron informasiya sistemlərindən və rəqəmsal texnologiyalardan istifadə etməklə dələduzluq törədilməsini ayrıca hal kimi müəyyən edən müddəanın əlavə edilməsi məsələsinə baxaq”, - deyə S.Salmanova vurğulayıb.
O bildirib ki, burada özünü saxta bank əməkdaşı kimi təqdim etmək, elektron ödəniş vasitəsilə vəsait mənimsəmək, həmçinin süni intellektlə hazırlanmış saxta səs və görüntülərdən istifadə etməklə şəxsi aldatmaq və digər bu kimi hallar nəzərdə tutula bilər.
S.Salmanova, eyni zamanda, bu istiqamətdə aidiyyəti dövlət qurumlarının, bank və ödəniş sektorunun nümayəndələrinin iştirakı ilə dinləmələrin keçirilməsini təklif edib.
Deputat mövcud hüquqi mexanizmlərin təhlil edilməsinin də komitənin iş planına daxil edilməsini təklif edib.