Bakı. Trend:
Azərbaycan Mərkəzi Bankı (AMB) 2026-cı ildə cari əməliyyatlar balansının profisitinin 6,1 milyard dollar təşkil edəcəyini proqnozlaşdırır.
Trend-in tədbirdəki müxbiri xəbər verir ki, bunu bu gün AMB-nin Statistika departamentinin direktoru Samir Nəsirov 2026-cı ilin ilk yarımilinə dair tədiyə balansının açıqlanmasına həsr olunmuş brifinqdə deyib.
Onun sözlərinə görə, AMB makroiqtisadi proqnozları mütəmadi olaraq nəzərdən keçirir və yeniləyir.
“İyul ayında açıqlanan proqnozlara əsasən, 2026-cı il üzrə cari əməliyyatlar balansının profisitinin 6,1 milyard dollar, 2027-ci il üzrə isə 5,2 milyard dollar olacağı gözlənilir”, - deyə Samir Nəsirov bildirib.
O qeyd edib ki, növbəti pul siyasəti kommunikasiyası çərçivəsində cari əməliyyatlar balansına dair proqnozlara yenidən baxılacaq.
“Güncəllənmiş yeni proqnozlar hazır olduqdan sonra geniş ictimaiyyətə təqdim ediləcək”, - deyə AMB rəsmisi əlavə edib.