Bakı. Trend:
Müdafiə Nazirliyində hərbi xidmətkeçmə ilə bağlı müvafiq konsepsiyaya əsasən, yüksək intellektə malik istedadlı hərbi qulluqçular xidmətlərini Milli Müdafiə Universitetinin tərkibində yaradılmış xüsusi bölmələrdə davam etdirirlər.
Bu barədə Müdafiə Nazirliyindən məlumat verilib.
Bildirilib ki, həmin hərbi qulluqçular bu bölmələrdə öz ixtisaslarına uyğun müxtəlif layihə və fəaliyyətlərə cəlb olunurlar.
Cari təqvim ilindən əvvəlki ilin nəticələrinə əsasən, “Times Higher Education (THE) World University Rankings” və ya “Academic Ranking of World Universities” (Shanghai) reytinqlərində ilk 500-lükdə yer alan xarici ali təhsil müəssisələrinin bakalavriat və ya magistratura proqramlarını bitirmiş çağırışçıların da intellektual qabiliyyətli bölmələrdə xidmət etməsi nəzərdə tutulub.
Növbəti çağırış ayı ərzində müddətli həqiqi hərbi xidmətə çağırılan və sözügedən xarici ali təhsil müəssisələrində təhsil almış şəxslərin bu bölmələrdə xidmətini təmin etmək məqsədilə çağırışçıların özləri və ya ailə üzvləri sentyabrın 21-dək müvafiq məlumatları [email protected] elektron poçt ünvanına göndərməlidirlər.
Müraciətdə çağırışçının adı, soyadı və ata adı, çağırış rübü və ili, həmçinin xaricdə əldə edilmiş ali təhsil ixtisasının Təhsildə Keyfiyyət Təminatı Agentliyi (TKTA) tərəfindən tam tanınmasına dair sənəd və ya tanınma prosesinin başlanmasını təsdiqləyən sistem çıxarışı təqdim edilməlidir.
Qeyd olunub ki, bu kateqoriyadan olan çağırışçıların intellektual qabiliyyətli bölmələrdə xidmətə cəlb edilməsi Dövlət İmtahan Mərkəzinin qəbul imtahanlarında 600 və daha yüksək bal toplamış şəxslərlə eyni layihə çərçivəsində həyata keçirilir.
Qəbul imtahanlarında 600 və daha yüksək bal toplamış çağırışçılar aidiyyəti dövlət qurumları arasında məlumat mübadiləsi əsasında müəyyən edildiyindən, onların və ya ailə üzvlərinin əlavə müraciət etməsinə ehtiyac yoxdur.