Bakı.Trend:
Asiya İnkişaf Bankı Mərkəzi Asiya Regional İqtisadi Əməkdaşlıq (CAREC) regionunda limanlar, gəmiçilik və logistika üzrə yeni hesabat hazırlayacaq.
Trend-in müxbiri xəbər verir ki, bunu AİB-in nəqliyyat (dəniz nəqliyyatı və limanlar) üzrə baş mütəxəssisi Adrian Sammons Bakıda keçirilən “Black and Caspian Freight Forum 2026: Corridors, Infrastructure, Investments” adlı 5-ci Beynəlxalq Konfrans və Sərgi çərçivəsində bildirib.
Onun sözlərinə görə, strateji baxımdan məqsədəuyğun olan layihə ilə həqiqətən investisiyaya hazır olan layihə arasında fərq var.
“Əvvəla, tələbat nümayiş etdirilməlidir. Yük axınlarına dair proqnozlar real olmalı və bazar məlumatları ilə təsdiqlənməlidir. İnfrastruktur sadəcə ehtimal olunan göstəricilərə deyil, faktiki ticarət axınlarına uyğun olmalıdır”, – deyə o bildirib.
Mütəxəssis qeyd edib ki, layihə həmçinin nəqliyyat dəhlizindəki kritik problemləri həll etməli, xüsusilə müəyyən edilmiş “darboğazları” aradan qaldırmalıdır.
“Çox vaxt ən böyük dəyər səmərəsiz sərhəd-keçid məntəqələri, dəmir yollarının, avtomobil yollarının və ya limanların buraxılış qabiliyyətinin məhdudluğu, zəif intermodal əlaqələr və ya kifayət qədər inkişaf etməmiş rəqəmsal sistemlər kimi məhdudiyyətlərin aradan qaldırılmasında özünü göstərir”, – deyə o bildirib.
Onun sözlərinə görə, digər mühüm komponent institusional mühitdir: “İnvestorlar şəffaf idarəetməyə, proqnozlaşdırılan tənzimləməyə, səmərəli gömrük prosedurlarına və qurumlar arasında məsuliyyətlərin aydın bölüşdürülməsinə diqqət yetirirlər”.
O, həmçinin layihələrin iqtisadi əsaslandırılmasının və onların həyata keçirilməyə hazırlığının vacibliyini vurğulayıb: “Bu, ticarət əlaqələrinin inkişafı üçün ölçülə bilən üstünlüklərin nümayiş etdirilməsini, həmçinin ekoloji icazələrin, layihə sənədlərinin, satınalma mexanizmlərinin və institusional potensialın mövcudluğunu nəzərdə tutur. AİB CAREC regionunda limanların, logistikanın və gəmiçilik əlaqələrinin iqlim dəyişmələrinə davamlılığının artırılmasına yönəlmiş yeni təşəbbüs çərçivəsində limanlar, gəmiçilik və multimodal logistika məsələlərinə diqqətini genişləndirir”.
Onun sözlərinə görə, AİB CAREC regionunda limanlar, gəmiçilik və logistika üzrə yeni hesabat hazırlayacaq.
“Yeni hesabat Xəzər, Qara dəniz və daha geniş CAREC regionunda limanlara gələcək investisiyaların, gəmiçiliyin karbonsuzlaşdırılmasının, rəqəmsallaşmanın və dayanıqlı ticarət dəhlizlərinin müəyyənləşdirilməsinə kömək edəcək”, – deyə o bildirib.
Mütəxəssis əlavə edib ki, AİB uzun müddətdir Mərkəzi Asiya ölkələri ilə yollar, dəmir yolları, logistika obyektləri, sərhəd-keçid məntəqələrinin təkmilləşdirilməsi və CAREC proqramı çərçivəsində regional iqtisadi dəhlizlərin inkişafı da daxil olmaqla, iri nəqliyyat, enerji, su və ticarət layihələrinin maliyyələşdirilməsi və məsləhət xidmətlərinin göstərilməsi sahəsində tərəfdaşlıq edir.