Bakı. Trend:
İqlim və Təmiz Hava Koalisiyası (CCAC) Azərbaycanda kənd təsərrüfatı sektorunda metan emissiyalarının azaldılması üzrə milli yol xəritəsinin hazırlanmasına başlayıb.
Trend-in tədbirdəki müxbirinin məlumatına görə, bunu,İqlim və Təmiz Hava Koalisiyasının (CCAC), BMT-nin Ətraf Mühit Proqramının (UNEP) nümayəndəsi Amina Axmetjanova “Bakı İqlim Fəaliyyəti Həftəsi 2026”nın (BCAW 2026) ikinci günündə bildirib.
Onun sözlərinə görə, CCAC ölkələrə qısamüddətli iqlim çirkləndiriciləri ilə mübarizədə dəstək göstərir. Bu çirkləndiricilərə metan, qara karbon, hidroflüorokarbonlar və troposfer ozonu daxildir.
“Metan xüsusilə vacibdir, çünki güclü, lakin nisbətən qısaömürlü iqlim çirkləndiricisidir. Bu o deməkdir ki, metan emissiyalarını azaltmaqla qlobal istiləşmənin tempini nisbətən qısa müddətdə zəiflətmək mümkündür”, - deyə o qeyd edib.
A.Axmetjanova bildirib ki, kənd təsərrüfatında metan emissiyalarından danışarkən yalnız emissiyalara deyil, bu tədbirlərin fermerlərə və istehsal səmərəliliyinə verə biləcəyi faydalara da diqqət yetirmək lazımdır.
“Metan emissiyalarının azaldılması fermerlərə kömək edə, məhsuldarlığı artıra, kənd təsərrüfatı resurslarından daha səmərəli istifadəni təmin edə və investisiya imkanları yarada bilər”, - deyə o vurğulayıb.
O bildirib ki, heyvan yeminin keyfiyyətinin və optimallaşdırılmasının yaxşılaşdırılması heyvanların yemdən daha səmərəli istifadə etməsinə, süd və ət istehsalının artmasına və eyni zamanda metan emissiyalarının azalmasına imkan verir.
Onun sözlərinə görə, heyvan sağlamlığının yaxşılaşdırılması, düzgün yetişdirmə və sürünün idarə olunması üsulları da məhsuldarlığı və resurslardan səmərəli istifadəni artıra bilər.
“Peyinin daha düzgün idarə olunması da metan emissiyalarını azaltmaqla yanaşı, əlavə dəyər yarada bilər. Bəzi kənd təsərrüfatı sistemlərində peyindən bioqaz və enerji mənbəyi kimi istifadə etmək mümkündür. Buna görə də ona yalnız tullantı kimi yanaşmaq olmaz”, - A.Axmetjanova deyib.
O qeyd edib ki, Azərbaycanın bu istiqamətdə fəaliyyəti üçün artıq mühüm baza mövcuddur. Azərbaycan 2024-cü ildən CCAC-ın hökumət tərəfdaşlarından biridir və Qlobal Metan Öhdəliyinə də qoşulub.
“Azərbaycan Qlobal Metan Öhdəliyinin iştirakçısı kimi ölkələrin 2030-cu ilədək metan emissiyalarını 2020-ci il səviyyəsi ilə müqayisədə 30 faiz azaltmaqla bağlı kollektiv məqsədinə töhfə verir”, - deyə o bildirib.
A.Axmetjanova əlavə edib ki, Azərbaycanın kənd təsərrüfatının inkişafı proqramının yenilənməsi iqlim tədbirlərini heyvandarlıq sektorunun modernləşdirilməsi, məhsuldarlığın artırılması və dayanıqlılığın gücləndirilməsi ilə əlaqələndirmək üçün mühüm imkan yaradır.
“Bu çərçivədə Kənd Təsərrüfatı Nazirliyi ilə CCAC arasında əməkdaşlığı elan etməkdən məmnunam. Biz heyvandarlıq sektoruna diqqət yetirməklə kənd təsərrüfatında metan emissiyalarının azaldılması üzrə Milli Yol Xəritəsinin hazırlanmasına dair layihəyə başlamışıq”, - deyə o bildirib.
Onun sözlərinə görə, yol xəritəsinin əsas məqsədi Azərbaycanın milli şəraitinə və prioritetlərinə uyğun praktiki tədbirlər planı hazırlamaqdır.
A.Axmetjanova qeyd edib ki, yol xəritəsi ilk növbədə emissiyaların mənbələrini müəyyənləşdirəcək. Bu çərçivədə Azərbaycanın heyvandarlıq sektorunda metan emissiyaları, istehsal sistemləri, heyvanların həzm prosesləri və peyinin idarə olunması ilə bağlı məlumatlar araşdırılacaq.
“İkinci əsas sual isə Azərbaycanın heyvandarlıq sektoruna hansı həllərin daha uyğun olmasıdır. Yol xəritəsində ölkənin sektoruna uyğun prioritet tədbirlər, o cümlədən yemləmə təcrübələrinin yaxşılaşdırılması, heyvan sağlamlığının inkişafı və peyinin idarə olunması kimi istiqamətlər qiymətləndiriləcək”, - deyə A.Axmetjanova vurğulayıb.