Bakı. Trend:
Azərbaycanda torpaqların konsolidasiyası üzrə ilkin layihənin Salyan və Qəbələ rayonlarında 19 kəndi və ümumilikdə 20 min hektar ərazini əhatə etməsi nəzərdə tutulur.
Trend-in tədbirdəki müxbirinin xəbərinə görə, bunu kənd təsərrüfatı naziri Məcnun Məmmədov Bakı İqlim Fəaliyyəti Həftəsi çərçivəsində keçirilən “Harmoniya fəaliyyətdə: İqlimədavamlı kənd təsərrüfatı naminə tərəfdaşlıq” mövzusunda yüksək səviyyəli dəyirmi masadan sonra jurnalistlərə açıqlamasında deyib.
Nazir bildirib ki, bir neçə gün əvvəl torpaqla bağlı müvafiq qanunvericilik dəyişikliklərinin imzalanması torpaqların konsolidasiyasının həyata keçirilməsi üçün hüquqi əsaslar yaradıb.
Onun sözlərinə görə, hazırda Salyan və Qəbələ rayonlarında ilkin planlaşdırma işləri aparılır.
“19 kənd və toplam 20 min hektarın əhatə olunması nəzərdə tutulub. İlk atılan addım olaraq biz bu təcrübəni əsasən Türkiyə Respublikasından öyrənirik”, - deyə M.Məmmədov qeyd edib.
Nazir bildirib ki, bu məqsədlə qarşılıqlı səfərlər təşkil olunub. Belə ki, Azərbaycan nümayəndə heyətinin Türkiyəyə səfəri ilə yanaşı, Türkiyəli mütəxəssislər də Azərbaycana gəliblər.
Onun sözlərinə görə, türkiyəli mütəxəssislər Qəbələ və Salyan rayonlarında layihənin əhatə etdiyi kəndlərə və ərazilərə səfər edərək mövcud vəziyyətlə tanış olublar.
“Hal-hazırda ilkin planlama işləri həyata keçirilir. Planlama işləri başa çatdıqdan sonra isə düşünürəm ki, bir il sonra sahə işlərinə də başlanılacaq”, - nazir əlavə edib.
Qeyd edək ki, Bakıda BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Dördüncü İqlim Həftəsinin (CW4) ikinci günü keçirilir.
İkinci gündə əsas diqqət dayanıqlı şəhərlər, nəqliyyat, su ehtiyatları və kənd təsərrüfatı məsələlərinə yönəldilib.
Tədbirlərdə müxtəlif ölkələrin dövlət və hökumət nümayəndələrinin, beynəlxalq təşkilatların, ekspertlərin, maliyyə institutlarının, özəl sektorun və vətəndaş cəmiyyətinin nümayəndələri iştirak edir.
Artıq üçüncü dəfə keçirilən Bakı İqlim Fəaliyyəti Həftəsi bu il ilk dəfə olaraq BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının (UNFCCC) İqlim Həftəsi ilə paralel təşkil olunur. Dördüncü İqlim Həftəsi və Bakı İqlim Fəaliyyəti Həftəsi çərçivəsində iqlim dəyişmələri ilə mübarizə, iqlim maliyyələşdirilməsi, dayanıqlı inkişaf və iqlim fəaliyyətinin sürətləndirilməsi ilə bağlı bir sıra sessiya, panel müzakirəsi və digər tədbirlər keçiriləcək.
Bakı İqlim Fəaliyyəti Həftəsi (BCAW 2026) sentyabrın 11-dək davam edəcək.