Bakı. Trend:
İctimai və şəxsi əmlaka, şəhər infrastrukturuna, tarixi abidələrə və mədəniyyət nümunələrinə məsuliyyətlə yanaşmaq hər bir vətəndaşın borcudur. Şəhidlərin xatirəsini əbədiləşdirmək adı ilə tarixi məkanlara, qayalara, binalara və digər obyektlərə yazıların yazılması isə onların ruhuna ehtiram deyil, əksinə, tarixi-mədəni irsimizə zərər vurmaqdır.
Bunu Trend-ə açıqlamasında İkinci Qarabağ müharibəsinin veteranı Allahverdi Allahverdiyev deyib.
O bildirib ki, heç bir şəxsin statusundan, mövqeyindən və ya tanınmışlığından asılı olmayaraq, ictimai əmlaka və tarixi-mədəni irs nümunələrinə zərər vurması qəbulolunan deyil:
“Şəhidlərimizin xatirəsi hər birimiz üçün müqəddəsdir. Biz torpaqlarımızın hansı itkilər, hansı qurbanlar hesabına azad edildiyini çox yaxşı bilirik. Məhz buna görə şəhidlərin adından istifadə edərək tarixi yerlərin, qayaların, abidələrin və binaların üzərinə yazılar yazılmasını onların xatirəsinə ehtiram kimi qiymətləndirmək olmaz. Əksinə, bu cür hərəkətlər həm şəhidlərimizin ruhuna, həm də uğrunda canlarını fəda etdikləri torpaqların tarixinə və mədəni irsinə hörmətsizlikdir”.
Veteranın sözlərinə görə, Azərbaycanda şəhidlərin xatirəsinin əbədiləşdirilməsi üçün kifayət qədər abidələr, parklar və xiyabanlar yaradılıb.
“Şəhidlərimizin adını yaşatmaq istəyiriksə, bunun üçün onların xatirəsinə ucaldılmış abidələrimiz, salınmış park və xiyabanlarımız var. Şəhidlərimizin xatirəsini onların adına layiq şəkildə yaşatmalıyıq. Tarixi qayaya, binaya və ya başqa bir mədəniyyət nümunəsinə ad yazmaq şəhidə olan sevgini göstərmir. Əksinə, onun uğrunda döyüşdüyü və canından keçdiyi Vətənin tarixi irsinə zərər vurur”, – deyə Allahverdi Allahverdiyev vurğulayıb.
O qeyd edib ki, xüsusilə tarixi və memarlıq əhəmiyyəti daşıyan məkanlara münasibətdə daha böyük həssaslıq nümayiş etdirilməlidir. Belə obyektlərin üzərinə yazı yazılması, nəzarətsiz qraffiti çəkilməsi və ya onların ilkin görünüşünə hər hansı müdaxilə tarixi-mədəni irsə birbaşa xələl gətirir.
“Belə hallara yalnız hansısa daşın, divarın və ya binanın zədələnməsi kimi baxmaq doğru deyil. Bu, bütövlükdə şəhər mədəniyyətinə, ictimai dəyərlərimizə və tariximizə münasibətin göstəricisidir. Xüsusilə işğaldan azad edilmiş ərazilərdə hər daşın, hər tarixi tikilinin, hər məkanın öz yaddaşı var. Biz onları gələcək nəsillərə mümkün qədər qorunmuş şəkildə çatdırmalıyıq”, – veteran əlavə edib.
Allahverdi Allahverdiyev bildirib ki, tarixi və digər ictimai obyektlərə vurulan zərərin sonradan aradan qaldırılması da əlavə vaxt, maliyyə və resurs tələb edir. Tarixi-mədəni əhəmiyyətli obyektlərdə isə yazıların və digər müdaxilələrin qeyri-peşəkar üsullarla təmizlənməsi həmin abidəyə daha ciddi zərər verə bilər.
Veteran ictimai məkanlarda qraffitinin Qərb ölkələrinin bəzi şəhərlərində geniş yayılması ilə bağlı müqayisələrin də əsaslı olmadığını deyib:
“Bəzən deyirlər ki, dünyanın müxtəlif şəhərlərində də divarlara yazılar yazılır, qraffitilər çəkilir. Ancaq nəzarətsiz qraffitinin bir çox şəhərlərdə yaratdığı vizual və estetik çirklənməni də görürük. Hər hansı mənfi təcrübənin başqa ölkələrdə mövcud olması bizim üçün nümunə sayıla bilməz. Biz öz şəhərlərimizi, tarixi abidələrimizi və mədəni irsimizi qorumalıyıq”.
Allahverdi Allahverdiyev sonda şəhid ailələrinin də bu məsələdə mövqeyinin və həssaslığının nəzərə alınmasının vacibliyini vurğulayıb. Onun sözlərinə görə, şəhidlərin adından istifadə edilərək tarixi məkanlara zərər vurulması onların ailələrinin hisslərinə də toxuna bilər.
“Şəhidlərimizin xatirəsinə ən böyük hörmət onların bizə əmanət qoyduğu Vətəni, onun tarixini və mədəni irsini qorumaqdır. Şəhid adı hansısa tarixi abidənin, qayanın və ya binanın üzərinə yazılmaqla deyil, insanların yaddaşında, dövlətimizin yaratdığı memorial komplekslərdə, abidələrdə, park və xiyabanlarda layiqincə yaşadılmalıdır”, – deyə veteran yekunlaşdırıb.
Qeyd edək ki, ötən gün sosial şəbəkə platformalarında Şuşa şəhərinə gələn turistlərin qayaların üzərinə müxtəlif yazılar yazaraq həm təbiətə, həm də tarixi əks etdirən qayalara ziyan vurması ilə bağlı görüntülər paylaşılıb.
