Bakı.Trend:
Türkiyənin cənubundakı Mersin limanında etilakrilat kimyəvi maddəsinin sızması baş verib, nəticədə 35 nəfər zərər çəkib.
Bu barədə Mersin vilayəti qubernatorunun mətbuat xidməti məlumat yayıb.
Bildirilib ki, insident ötən gecə yerli vaxtla təxminən saat 02:20-də limanın beynəlxalq zonasında baş verib.
“İstintaq nəticəsində müəyyən edilib ki, tikinti texnikası konteynerin üzərinə aşıb, nəticədə sızma baş verib və etilakrilat kimi identifikasiya edilən maddənin yayılması səbəbindən kəskin qoxu yaranıb. Kimyəvi, bioloji, radioloji və nüvə təhlükəsizliyi bölmələri tərəfindən aparılan ölçmələr hər hansı təhlükəli konsentrasiyanın olmadığını göstərib. Ehtiyat tədbiri olaraq qəza baş verən ərazidə təhlükəsiz zona yaradılıb, konteyner isə operativ şəkildə təcrid olunmuş ərazidəki təhlükəsiz sahəyə köçürülüb”, – deyə verilən məlumatda bildirilib.
Qeyd edilib ki, “kəskin qoxudan zərər çəkən 35 nəfərin səhhəti yaxşıdır”. Onlar həkimlərin nəzarəti altındadır. Vilayət hakimiyyəti insidentlə bağlı araşdırmaya başlayıb.
Məlumat üçün bildirək ki, etilakrilat kəskin qoxulu, polimerlərin alınması üçün xammal kimi istifadə olunan rəngsiz mayedir.