Bakı.Trend:
Mərmərə dənizində Türkiyə bayrağı altında üzən iki quru yük gəmisi toqquşub.
Türkiyə KİV-nin məlumatına görə, bu barədə İstanbul valiliyi məlumat yayıb.
Məlumata görə, hadisə İstanbul sahillərində baş verib. “Alsu” və “Tugberk Imamoglu” gəmiləri bir-biri ilə toqquşub.
““Alsu” gəmisində gözlə görünən heç bir zədələnmə yoxdur. “Tugberk Imamoglu gəmisinin göyərtəsində 10 ekipaj üzvü olub və hazırda onlarla əlaqə yoxdur”, – məlumatda vurğulanıb.
Bildirilir ki, hadisə yerinə Türkiyə Sahil Mühafizəsinin bölmələri, eləcə də axtarış-xilasetmə dəstələri cəlb olunub. Mütəxəssislər helikopter və yedək gəmilərindən istifadə ediblər.