Bakı. Trend:
2013-cü ildə Bakının Nərimanov rayonunda Vüsal Schilderin (Şilder) qəsdən öldürülməsinin təşkilində təqsirləndirilən Xəyal Əli-zadə barəsində cinayət işi məhkəməyə göndərilib.
Bu barədə Baş Prokurorluğun Mətbuat xidməti məlumat yayıb.
Bildirilib ki, 2013-cü il mayın 2-də Bakı şəhərinin Nərimanov rayonu ərazisində Vüsal Adolf Schilder qəsdən öldürülüb.
Faktla bağlı aparılmış ibtidai istintaq nəticəsində Elman İsgəndərov Cinayət Məcəlləsinin 120.2.1, 120.2.5 və 228.4-cü, Seymur Talıbov isə 120.2.1 və 120.2.5-ci maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək cinayət işi baxılması üçün məhkəməyə göndərilib.
Müvafiq məhkəmə hökmləri ilə Elman İsgəndərov 15 il, Seymur Talıbov isə 12 il müddətinə azadlıqdan məhrum edilib.
Baş Prokurorluğun İstintaq idarəsində cinayət işi üzrə ibtidai istintaqın davam etdirilməsi və əldə olunan sübutların tədqiqi zamanı Xəyal Əli-zadənin sözügedən cinayətin təşkilinə və törədilməsinə rəhbərlik etməsinə əsaslı şübhələr müəyyən edilib. Bununla əlaqədar onun təqsirləndirilən şəxs qismində cəlb olunması barədə qərar qəbul edilib.
X.Əli-zadə Azərbaycan hüdudlarından kənarda olduğundan ona ittiham elan etmək mümkün olmayıb. İstintaqdan qaçıb gizləndiyinə görə barəsində beynəlxalq axtarış elan edilib.
Axtarış tədbirləri nəticəsində onun Birləşmiş Ərəb Əmirliklərində olduğu müəyyənləşdirilib.
Baş Prokurorluğun məlumatına görə, X.Əli-zadənin ekstradisiyası ilə bağlı müvafiq tədbirlər həyata keçirilib. Baş Prokurorluğun vəsatəti əsasında Ədliyyə Nazirliyi tərəfindən göndərilmiş sorğu nəticəsində o, 2026-cı il yanvarın 11-də BƏƏ-nin səlahiyyətli orqanları tərəfindən tutulub və sonradan Azərbaycana ekstradisiya edilib.
İstintaqın davamında toplanmış sübutlar əsasında X.Əli-zadəyə Cinayət Məcəlləsinin 32.3 və 120.2.5-ci maddələri ilə – tamah məqsədilə qəsdən adam öldürmə cinayətini təşkil etməyə görə ittiham elan edilib və məhkəmənin qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilib.
İbtidai istintaq tamamlanıb, ittiham aktı təsdiq edilərək cinayət işi baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.