Bakı. Trend:
Balıqçılıq sahəsində yeni nəzarət yanaşmaları təsərrüfatlarda hər dəfə yerində yoxlama aparmadan da proseslərin izlənilməsinə imkan verəcək.
Trend-in tədbirdəki müxbiri xəbər verir ki, bu fikirləri kənd təsərrüfatı nazirinin müavini İlhamə Qədimova yeni qəbul olunmuş “Toxumçuluq haqqında” Azərbaycan Respublikasının Qanunu və “Balıqçılıq haqqında” Azərbaycan Respublikasının Qanunu ilə bağlı məsələlərə həsr olunmuş mətbuat konfransında deyib.
O bildirib ki, balıqçılıq ümumi ekosistemin tərkib hissəsi olduğundan və biomüxtəlifliyin qorunmasına təsir göstərdiyindən bu sahədə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin də müvafiq nəzarət funksiyaları mövcuddur.
Nazir müavininin sözlərinə görə, nəzarət mexanizmləri fəaliyyət istiqamətindən asılı olaraq fərqlənir. Akvakultura təsərrüfatlarında süni şəraitdə balıq yetişdirilməsi ilə təbii su hövzələrində balıq ovu fərqli nəzarət yanaşmaları tələb edir.
“Əgər təbii ərazilərdə, Xəzər dənizində və ya çaylarda balıq ovu həyata keçirilirsə, bu, ölkədə müəyyən edilmiş kvotalara və balıq ovuna icazə verilən müddətlərə uyğun aparılmalıdır”, - İ.Qədimova bildirib.
O qeyd edib ki, icazə verilən dövrlərdən kənar balıq ovu aşkarlandıqda qanunvericiliyə uyğun müvafiq məsuliyyət tədbirləri tətbiq edilir.
Akvakultura təsərrüfatlarında isə əsas məsələlərdən biri təsərrüfatın tələblərə uyğun qurulmasıdır. Nazir müavini bildirib ki, düzgün təşkil edilməyən akvakultura təsərrüfatı ətrafdakı torpaq və su ekosisteminə zərər verə bilər.
İ.Qədimovanın sözlərinə görə, nəzarətin məqsədi yalnız pozuntuların aşkarlanması deyil, eyni zamanda təsərrüfatların düzgün qurulmasını və fəaliyyətin müəyyən edilmiş qaydalara uyğun aparılmasını təmin etməkdir.
O vurğulayıb ki, balıqçılıq sahəsində nəzarətin həyata keçirilməsi bütün hallarda müfəttişlərin təsərrüfatlara gedərək yerində yoxlama aparmasını tələb etmir.
“Əgər ölkədə balıq dövriyyəsini nəzarət altında saxlaya bilirsinizsə, yəni məhsulun alqı-satqısını, kim tərəfindən satıldığını və hansı balıqların satıldığını müşahidə edə bilirsinizsə, prosesə nəzarət etmək mümkündür”, - nazir müavini bildirib.
İ.Qədimova əlavə edib ki, yeni yanaşmalar balıqçılıq təsərrüfatlarının düzgün formalaşdırılması, müəyyən edilmiş kvotalara əməl olunması və balıq məhsullarının dövriyyəsinin izlənilməsini təmin etməyə yönəlib.