Bakı. Trend:
İyul ayında Azərbaycanda ödəniş kartlarının sayı artıb.
Azərbaycan Mərkəzi Bankının (AMB) dərc etdiyi statistik bülletendə yer alan məlumatlara əsasən, iyul ayının sonuna olan vəziyyətə bank sistemi və "Azərpoçt" MMC vasitəsilə dövriyyədə olan ödəniş kartlarının sayı 22,785 milyon ədədə çatıb.
AMB-nin məlumatları əsasında aparılan hesablamalara görə, bu göstərici ötən ilin analoji dövrü ilə müqayisədə 8,9% artıb.
Həmçinin qeyd olunur ki, ödəniş kartları içərisində debet kartlarının sayı 10,5% artıb, kredit kartlarının sayı isə 4,6% azalıb.
"İlin əvvəlindən ölkə daxilində nağdsız əməliyyatların həcmi ötən ilin analoji dövrü ilə müqayisədə 13,9% artaraq genişlənib.
2026-cı ilin iyul ayında kartlar vasitəsilə həyata keçirilən ölkədaxili nağdsız ödənişlərin həcmi 9,712 milyard manat təşkil edib. Nağdsız ödənişlərin ümumi həcmindən 8,455 milyard manatı elektron ticarətin, 1,255 milyard manatı POS-terminalların, 2 milyon manatı isə özünəxidmət terminalları və bankomatlar vasitəsilə aparılan əməliyyatların payına düşüb.
İlin əvvəlindən ödəniş kartlarından istifadə etməklə aparılan nağdsız ölkədaxili əməliyyatların həcmi ümumi ölkədaxili kart əməliyyatlarının 69,8%-ni təşkil edib", — deyə bankın məlumatında bildirilir.
Hazırda Azərbaycanda AZQR vahid standartı əsasında QR-ödənişlər sisteminin mərhələli tətbiqi davam edir. AMB-dən Trend-ə bildirilib ki, banklar artıq sistemlə texniki inteqrasiyanı yekunlaşdırıblar, funksional imkanlar isə tədricən POS-terminallara və mobil bank tətbiqlərinə inteqrasiya olunur.
"Inkişafın növbəti mərhələsi sərhədkeçid QR-ödənişlərin işə salınması ola bilər. Bunun üçün Azərbaycanın Anında Ödəniş Sisteminin digər ölkələrin analoji sistemləri ilə qarşılıqlı inteqrasiyası imkanları nəzərdən keçirilir. Hazırda tənzimləyici bu tür həllərin tətbiqi üzrə beynəlxalq təcrübəni öyrənir.
Mərkəzi Bankdan vurğulanıb ki, gündəlik pərakəndə hesablaşmalarda QR-ödənişlərin istifadəsinin genişləndirilməsi, istifadəçi təcrübəsinin təkmilləşdirilməsi və ekosistemin iştirakçısı olan bankların tam uyğunluğunun təmin edilməsi prioritet olaraq qalır", — deyə AMB bildirir.