Bakı. Trend:
“Ziraat Bank Azərbaycan” ASC-nin istiqrazlarının yerləşdirilməsinin uğurla yekunlaşması bank, ölkənin kapital bazarı, onun iştirakçıları və investisiya şirkətləri üçün mühüm hadisədir.
Trend-in tədbirdəki müxbirinin məlumatına görə, bunu PAŞA Kapital investisiya şirkətinin (PASHA Capital) Baş icraçı direktoru İsi Mustafayev “Ziraat Bank Azərbaycan” ASC-nin istiqrazlarının Bakı Fond Birjasında ticarətə buraxılmasına həsr olunmuş “Açılış Zəngi” tədbirində deyib.
Onun sözlərinə görə, bu cür layihələr bazarda yeni maliyyə alətlərinin yaradılması ilə yanaşı, həmin alətlərin daha geniş investor kütləsinə təqdim edilməsinə imkan yaradır.
“Bu proses “Ziraat Bank Azərbaycan”ın kapital bazarlarındakı ilk təcrübəsidir. Bu münasibətlə “Ziraat Bank” komandasını təbrik edirəm. Ümid edirəm ki, bank ənənəvi maliyyələşmə kanalları ilə yanaşı, kapital bazarlarını da əsas maliyyələşmə mənbələrindən biri kimi seçəcək”, – deyə İ. Mustafayev bildirib.
O qeyd edib ki, “PAŞA Kapital”ın əsas məqsədi bazarda daha çox maliyyə aləti yaratmaq, investorların kapital bazarına marağını və inamını artırmaqdır.
“Artıq 140-dan çox investor bu istiqrazların yerləşdirilməsində iştirak edib. Bunun əsas səbəblərindən biri istiqrazların yerləşdirilməsinin ənənəvi kanallarla yanaşı, elektron platforma üzərindən də həyata keçirilməsidir. Məhz elektron platforma vasitəsilə prosesin aparılması daha geniş investor kütləsinin və əhalinin iştirakına şərait yaradıb”, – deyə Baş icraçı direktor vurğulayıb.
İ. Mustafayev bildirib ki, eyni yanaşma daha əvvəl “PAŞA Bank”ın səhmlərinin və istiqrazlarının yerləşdirilməsi zamanı da tətbiq edilib.
“Bu yanaşma daha geniş auditoriyaya çıxış imkanı yaradaraq investorların prosesdə aktiv iştirakını təmin etdi. Növbəti layihələrimizdə də əhalinin bu proseslərdə daha fəal iştirakını təmin etməyi hədəfləyirik”, – deyə o əlavə edib.
PAŞA Kapitalın Baş icraçı direktoru “Ziraat Bank”, “PAŞA Kapital” və Bakı Fond Birjasının komandalarına, eləcə də prosesdə əməyi keçən hər kəsə təşəkkürünü bildirib.
““Ziraat Bank” üçün bu proses bir başlanğıc olsa da, onun davamlı olmasını və gələcəkdə yeni istiqrazların buraxılmasını arzulayıram”, – deyə İ. Mustafayev qeyd edib.