Bakı. Trend:
Asiya İnkişaf Bankı (AİB) Azərbaycanın iştirakı ilə infrastrukturun dayanıqlılığının artırılması və uyğunlaşmanın təmin edilməsi məqsədilə süni intellektdən istifadəyə dair layihəyə başlayıb.
Qeyd olunur ki, layihənin həyata keçirilməsində Azərbaycan, Əfqanıstan, Ermənistan, Banqladeş, Butan, Gürcüstan, Qazaxıstan, Qırğızıstan, Çin, Pakistan, Tacikistan, Türkmənistan, Türkiyə, Özbəkistan və Asiya-Sakit okean regionunun digər ölkələri də daxil olmaqla bankın üzv ölkələri iştirak edir.
AİB-in məlumatına görə, layihənin həyata keçirilməsi üçün Texniki Yardım üzrə Xüsusi Fond çərçivəsində 800 min dollar maliyyələşmə nəzərdə tutulub.
“Layihə həmçinin AİB-in inkişaf etməkdə olan üzv ölkələrinin fəlakətlərlə bağlı riskləri müəyyən etmək, qiymətləndirmək və azaltmaq imkanlarının gücləndirilməsinə yönəlib. Onun həyata keçirilməsinin təbii və digər fəlakətlərin nəticələrindən qeyri-mütənasib şəkildə daha çox zərər çəkən yoxsul və həssas əhali qruplarının qorunmasına dolayı yolla töhfə verəcəyi gözlənilir.
Təşəbbüs çərçivəsində infrastrukturun dayanıqlılığının artırılması və risklərə uyğunlaşma yanaşmalarının təkmilləşdirilməsi üçün süni intellektin imkanlarından istifadə edilməsi nəzərdə tutulur”, - deyə bank bildirir.
AİB-in məlumatına görə, 2015-2024-cü illərdə Azərbaycan 10 layihə üzrə 2,53 milyard dollar suveren maliyyələşmə əldə edib. Bu məbləğin 51 faizi regional əməkdaşlıq və inteqrasiya layihələrinə yönəldilib ki, bu da müvafiq ölkə qrupu üzrə ən yüksək göstəricilərdən biridir. Daha 39 faiz özəl sektorun inkişafına, 18 faiz iqlim maliyyələşməsinə, 10 faiz isə rəqəmsal texnologiyalar sahəsində təşəbbüslərə ayrılıb.
2015-2024-cü illərdə bank ümumi məbləği 963,9 milyon dollar olan doqquz qeyri-suveren layihəni təsdiqləyib və maliyyələşmənin 100 faizi özəl sektorun inkişafına yönəldilib. Qeyd edək ki, öhdəliklərin həcminin 78 faizi regional əməkdaşlıq və inteqrasiya ilə bağlı olub ki, bu da AİB tərəfindən nəzərdən keçirilən yüksək orta gəlir səviyyəsinə malik müqayisəolunan ölkələr arasında ən yüksək göstəricidir.
Azərbaycan Mərkəzi Bankının məlumatına görə, cari ilin birinci rübündə AİB-in ölkə iqtisadiyyatına birbaşa investisiyalarının həcmi 2,075 milyon ABŞ dolları təşkil edib. Bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə 455 min ABŞ dolları və ya 28,1 faiz çoxdur.