Son dövrlərdə rəqəmsal mühitdə, xüsusilə “WhatsApp” ani mesajlaşma sistemində və sosial şəbəkələrdə vətəndaşların fərdi məlumatlarının ələ keçirilməsi və onlara qarşı kiberdələduzluq halları kəskin şəkildə artmaqdadır.
Araşdırmalar göstərir ki, dələduzlar vətəndaşların maddi vəsaitlərini mənimsəmək üçün sosial mühəndislik üsullarından geniş şəkildə istifadə edirlər.
Onların tətbiq etdiyi əsas üsullar və mexanizmlər aşağıdakılardır:
Saxta yaxın profilləri (borc istənilməsi): Dələduzlar sosial şəbəkələrdən dostunuzun və ya qohumunuzun şəklini və adını oğurlayaraq saxta profil yaradırlar. Həmin şəxsin adından sizə yazaraq müxtəlif bəhanələrlə (məsələn: “xəstəxanadayam, təcili pul lazımdır, mənə 500 manat göndər, yarım saata qaytaracağam” və s.) təcili pul köçürmənizi xahiş edirlər.
Psixoloji təzyiq zəngləri: Özünü bank və ya hüquq-mühafizə orqanı əməkdaşı kimi təqdim edən şəxslər zəng edərək vətəndaşı təşvişə salırlar (məsələn: “Adınıza qanunsuz kredit götürülüb” və ya “Kartınızdan terrorçulara pul köçürülür, günahsız olduğunuzu sübut etmək və məsuliyyətdən azad olmaq üçün təcili kart məlumatlarınızı və SMS-lə gələn kodu bizə deyin, yaxud pul göndərin həll edək və s.”). Bir çox hallarda nisbətən məlumatsız və yaşlı nəslin nümayəndələri hədəf seçilir; əvvəlcə tanıdıqları şəxslərin adından onlara mesajlar göndərilir (məsələn, “Hüquq-mühafizə orqanının filan adlı əməkdaşı sizinlə əlaqə saxlayacaq, problem yaranmaması üçün dediklərini et”). Vətəndaş “tanıdığı” şəxsə inanaraq saxta hüquq-mühafizə orqanı əməkdaşı ilə danışır, məlumatları onlara təqdim edir, hətta adına “kreditlərin silinməsi" bəhanəsi ilə yenidən kredit götürüb onlara göndərməyə və s. fəaliyyətlərə sövq edilir.
Saxta investisiya və qazanc vədləri: Sosial şəbəkələrdə qısa müddətdə yüksək gəlir təklif edən yalançı elanlar yerləşdirirlər (məsələn: “10 manat yatır, 1 saata 200 manat qazan”). Vətəndaş ilkin olaraq az məbləğ köçürür, sistemdə saxta artım göstərilərək onu daha çox pul yatırmağa həvəsləndirirlər və sonda bütün vəsaiti mənimsəyib yoxa çıxırlar.
Fişinq hücumları: Məşhur elan və ya poçt xidmətlərinin rəsmi saytlarına bənzər saxta keçidlər göndərirlər (məsələn: “Məhsulunuz alınıb, pulu kartınıza köçürmək üçün bu linkə daxil olun, beh üçün kart məlumatlarınızı göndərin” və s.). Vətəndaş həmin saxta səhifəyə kart məlumatlarını və şifrəsini daxil edən kimi balansındakı bütün pullar silinir.
Saxta bildirişlər: Vətəndaşlara uydurma cərimə, kommunal borc və ya vergi bildirişləri göndərirlər (məsələn: “Sizin 45 manat cəriməniz var, dərhal bu linkdən ödəyin, əks halda avtomobiliniz duracağa aparılacaq və ya məhkəməyə veriləcəksiniz”). Vətəndaş tələsik şəkildə saxta keçidə daxil olaraq kart məlumatlarını qurban verir.
Vətəndaşlara tövsiyələr
Kiberhücumlardan qorunmaq və dələduzluq qurbanına çevrilməmək üçün vətəndaşlardan aşağıdakı təhlükəsizlik qaydalarına ciddi əməl etmələri xahiş olunur:
Yaxınlarınızdan gələn müraciətləri yoxlayın: Tanışlarınızdan təcili pul köçürməyi xahiş edən mesajlar daxil olduqda, dərhal həmin şəxsə zəng edərək və ya digər vasitələrlə vəziyyəti birbaşa özü ilə dəqiqləşdirin.
Məxfi məlumatları heç kimlə paylaşmayın: Banklar, dövlət qurumları və ya digər rəsmi təşkilatlar heç vaxt telefon zəngi, mesaj və ya sosial şəbəkələr vasitəsilə PİN kod, CVC/CVV nömrəsi və ya SMS-də gələn təsdiq kodunu tələb etmirlər.
Şübhəli keçidlərə daxil olmayın: Tanımadığınız şəxslərdən gələn və ya “pulu almaq üçün keçidə daxil olun” tipli mesajlardakı linklərə klikləməyin. Xidmətlərdən yalnız rəsmi tətbiqlər vasitəsilə istifadə edin.
Təşvişə qapılmayın: “Hesabınızdan pul çıxarılır”, “adınıza kredit götürülüb” və ya “terrorçulara pul köçürülüb” kimi zənglər aldığınız zaman dərhal əlaqəni kəsin və özünü təqdim edən şəxsin əməkdaşı olduğunu bildirdiyi qurumun rəsmi, tanınan nömrəsi və ya hüquq-mühafizə orqanları ilə əlaqə saxlayın.
Vətəndaşlardan rəqəmsal mühitdə ayıq-sayıq olmağı, fərdi və maliyyə məlumatlarının təhlükəsizliyinə həssaslıqla yanaşmağı xahiş edilir!