Daşkənd. Trend:
19 avqustda Azərbaycan mediası nümayəndələrinin Özbəkistana təşkil olunan mətbuat turu çərçivəsində jurnalistlər “IT Park Uzbekistan”ın fəaliyyəti ilə tanış olublar.
Mətbuat turunda Azərbaycanın aparıcı media qurumlarının 20 nümayəndəsi iştirak edir. İştirakçılar arasında beynəlxalq informasiya agentliyi Trend BİA-nın baş redaktoru Emin Əliyev də yer alıb.
Səfər çərçivəsində Özbəkistanda rəqəmsal iqtisadiyyatın inkişafı, texnologiya şirkətləri və startaplar üçün əlverişli ekosistemin yaradılması, ixtisaslı İT mütəxəssislərinin hazırlanması, xarici investisiyaların cəlb olunması, eləcə də rəqəmsal xidmətlərin ixracı və innovativ sahibkarlığa dövlət dəstəyi istiqamətində həyata keçirilən siyasət barədə təqdimat keçirilib.
IT Park Uzbekistanda birbaşa xarici investisiyalar və şirkətlərlə əlaqələr üzrə menecer Azamat Rəhmon-Zadə bildirib ki, IT Park dünyanın 104 ölkəsindən, o cümlədən Azərbaycandan olan İT şirkətləri ilə əməkdaşlıq edir. IT Park strukturunda 14 regional filial və 6 beynəlxalq nümayəndəlik fəaliyyət göstərir. Ekosistem 3,8 minə yaxın texnologiya şirkətini birləşdirir. Onların arasında 1 mindən çox ixracyönümlü və 1 mindən çox xarici şirkət var.
Mətbuat turunun iştirakçılarına ölkədə kadr potensialının inkişafı barədə də məlumat verilib. Özbəkistanda 145 İT universiteti fəaliyyət göstərir və burada 129 mindən çox tələbə təhsil alır. Bundan əlavə, 500-dən çox İT mərkəzi hər il 55 mindən çox məzun hazırlayır. “One Million Uzbek Coders” proqramı çərçivəsində isə 2 milyondan çox insan təlim keçib. Dövlət beynəlxalq İT sertifikatlarının qiymətinin 100 faizədək hissəsini də kompensasiya edir.
Ölkədə startap ekosisteminin inkişafına xüsusi diqqət yetirilir. Bu sahənin ümumi dəyəri 4,3 milyard dolları ötür. Özbəkistanda 1,6 mindən çox startap və iki “unikorn” şirkət fəaliyyət göstərir. Hər il ümumi mükafat fondu 11 milyon dollar olan üç beynəlxalq startap müsabiqəsi keçirilir. Ekosistemə ümumi kapitalı 200 milyon dollardan çox olan 22 fond daxildir.
Təqdimat zamanı qeyd olunub ki, Özbəkistanın texnologiya şirkətləri təxminən 2,8 milyard dollar həcmində rəqəmsal xidmətlər göstərir və 100-dən çox ölkəyə 1 milyard dollardan artıq xidmət ixrac edir.
Təqdimatın əsas hissələrindən biri dövlət idarəçiliyində rəqəmsal transformasiya ilə bağlı olub. “Rəqəmsal Özbəkistan – 2030” strategiyası çərçivəsində 3,3 mindən çox rəqəmsal layihə həyata keçirilib. 160 növ arayış və sənəd ləğv edilib, 150-dən çox lisenziya və icazə elektron formatda təqdim olunur.
Hazırda ölkədə 800-dən çox elektron dövlət xidməti fəaliyyət göstərir. Təkcə 2025-ci ildə bu xidmətlərdən 42 milyondan çox dəfə istifadə olunub. Milli xidmət portalı 15 milyondan çox istifadəçini və 900-dən artıq inteqrasiya olunmuş sistemi birləşdirir.
Mətbuat turu çərçivəsində Azərbaycan jurnalistləri Özbəkistanın texnoloji infrastrukturu, rəqəmsal xidmətlərin inkişafı, xarici İT şirkətləri və investorlar üçün yaradılan imkanlarla da tanış olublar.
Qeyd olunub ki, Özbəkistan rəqəmsal iqtisadiyyatı və İT sektorunu iqtisadi artımın, yeni iş yerlərinin yaradılmasının, ixracın genişləndirilməsinin və ölkənin qlobal texnoloji ekosistemə inteqrasiyasının əsas istiqamətlərindən biri hesab edir.











