Bakı. Trend:
Beynəlxalq axtarışda olan şəxs Azərbaycana ekstradisiya edilib.
Bu barədə Baş Prokurorluğun mətbuat xidməti məlumat yayıb.
Bildirilib ki, "Mülki, ailə və cinayət işləri üzrə hüquqi yardım və hüquqi münasibətlər haqqında" 22.01.1993-cü il tarixli Konvensiyanın tələblərinə uyğun olaraq Azərbaycan Respublikasının vətəndaşı Əsgərov Ruslan Əli oğlunun ekstradisiyası haqqında Baş Prokurorluğun vəsatəti Moldova Respublikasının Baş Prokurorluğu tərəfindən təmin edilib:
"Belə ki, Samux rayon prokurorluğunda ibtidai istintaqı aparılan cinayət işi üzrə 1981-ci il təvəllüdlü Əsgərov Ruslan Əli oğlunun sifarişlə qəsdən adam öldürməni təşkil etməsinə əsaslı şübhələr müəyyən edildiyindən, barəsində təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında qərar qəbul edilib və o istintaqdan qaçıb gizləndiyinə görə beynəlxalq axtarışa verilib".
Bildirilib ki, Ruslan Əsgərov Moldova Respublikasının ərazisində saxlanılaraq Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin xüsusi konvoyunun müşayiəti ilə Azərbaycana gətirilib.
Qeyd edilib ki, həmin cinayət işi üzrə daha əvvəl iki şəxs - Mehdiyev Elvin Qardaşəli oğlu və Yusifov Tural Ərəstun oğlu barəsində ibtidai istintaq Samux rayon prokurorluğu tərəfindən yekunlaşdırılaraq cinayət işi baxılması üçün məhkəməyə göndərilib. Gəncə Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə E.Mehdiyev 18 il, T.Yusifov isə 16 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum ediliblər.