Bakı. Trend:
Rəqəmsal Əməkdaşlıq Təşkilatı (DCO) Azərbaycanın süni intellekt sahəsində inkişafına beynəlxalq əməkdaşlıqla dəstək verə bilər.
Bunu DCO-nun Şura məsələləri və strateji əlaqələr üzrə rəhbəri Ömər Əl-Nemer (Omar AlNemer) Trend-ə özəl müsahibəsində deyib.
Ömər Əl-Nemer süni intellektin iqtisadiyyata və əmək bazarına təsirlərindən danışarkən onun uğurlu tətbiqinin üç əsas amilə - müvafiq imkanların yaradılmasına, texnologiyanın tətbiqinə və etimadın təmin edilməsinə - əsaslandığını bildirib.
“Ölkələr rəqəmsal infrastruktura, keyfiyyətli məlumatlara və süni intellekt sahəsində bacarıqların inkişafına investisiya yatırmalı, eyni zamanda dövlət idarəçiliyində, biznesdə və iqtisadiyyatın əsas sektorlarında bu texnologiyaların praktik tətbiqini sürətləndirməlidirlər. Bununla yanaşı, kibertəhlükəsizlik, məxfiliyin qorunması və süni intellektin məsuliyyətli idarə olunması prinsipləri ilkin mərhələdən etibarən nəzərə alınmalıdır”, - deyə o vurğulayıb.
DCO nümayəndəsi işçi qüvvəsinin hazırlanmasının xüsusi əhəmiyyət daşıdığını bildirib. Onun sözlərinə görə, hökumətlər və biznes subyektləri rəqəmsal bacarıqları genişləndirməli, davamlı yenidən hazırlıq proqramlarını dəstəkləməli və işçilərin süni intellektin yaratdığı iqtisadi dəyişikliklərə uyğunlaşmasına şərait yaratmalıdırlar.
Ö. Əl-Nemer əlavə edib ki, Azərbaycan üçün süni intellektin inkişafını iqtisadi siyasət, bacarıqların artırılması və kibertəhlükəsizlik sahəsindəki prioritetlərlə uzlaşdırmaq vacibdir: “DCO bu istiqamətdə siyasət mübadiləsi, süni intellektin idarə olunması alətləri, potensialın gücləndirilməsi və beynəlxalq əməkdaşlıq vasitəsilə dəstək verə bilər. Bundan əlavə, davamlı iqtisadi artımı təmin etmək üçün məsuliyyətli süni intellekt tətbiqi və innovasiya paralel şəkildə inkişaf etməlidir”, - deyə o qeyd edib.
Qeyd edək ki, bu ilin sentyabrın 1-də Azərbaycan Rəqəmsal Əməkdaşlıq Təşkilatına (DCO) üzv qəbul edilib. Oktyabrın 5-də isə Azərbaycanın Rəqəmsal Əməkdaşlıq Təşkilatına (DCO) üzvlüyü çərçivəsində Təşkilatın Nizamnaməsi imzalanıb.
2020-ci ilin noyabr ayında təsis edilən DCO rəqəmsal iqtisadiyyatın inklüziv artımını sürətləndirməklə hamı üçün rəqəmsal rifahın təmin olunmasını hədəfləyən qlobal çoxtərəfli təşkilatdır.