Bakı. Trend:
Rəqəmsal Əməkdaşlıq Təşkilatı (DCO) Azərbaycanla rəqəmsal ticarət və sərhədlərarası məlumat mübadiləsi üzrə dialoqa dəstək verə bilər.
Bunu DCO-nun Şura məsələləri və strateji əlaqələr üzrə rəhbəri Ömər Əl-Nemer (Omar AlNemer) Trend-ə özəl müsahibəsində deyib.
Ömər Əl-Nemer hesab edir ki, Azərbaycanın Cənubi Qafqaz və Mərkəzi Asiya arasında rəqəmsal körpü rolunu gücləndirməsi üçün fiziki bağlantılarla yanaşı, rəqəmsal sistemlərin uyğunluğu, etibarlı məlumat mübadiləsi və bizneslərin sərhədlər boyunca fəaliyyət göstərməsinə imkan verən tənzimləyici çərçivələr də vacibdir.
O bildirib ki, Azərbaycan rəhbərliyi ilə DCO-nun baş katibi arasında keçirilən müzakirələr regional bağlantılar, rəqəmsal transformasiya və innovasiya sahələrində əməkdaşlıq imkanlarını ön plana çıxarıb.
“DCO “Model Digital Economy Agreement” (MDEA) - Rəqəmsal İqtisadiyyat üzrə Model Saziş kimi çərçivələr vasitəsilə tənzimləyici yanaşmaların uzlaşdırılması, rəqəmsal ticarət və sərhədlərarası məlumat mübadiləsinin etibarlılığının təmin edilməsi üzrə dialoqa dəstək verə bilər”, - deyə Ö. Əl-Nemer qeyd edib.
Onun sözlərinə görə, rəqəmsal identifikasiya, elektron imzalar, sənədsiz ticarət və sərhədlərarası xidmətlər üzrə əməkdaşlıq imkanlarının araşdırılması Azərbaycanın coğrafi üstünlüyünü daha geniş iqtisadi inteqrasiyaya və rəqəmsal imkanlara çevirməyə kömək edə bilər.
Azərbaycanın rəqəmsal həllərinin beynəlxalq bazarlara çıxışı
DCO nümayəndəsi Azərbaycanın rəqəmsal dövlət xidmətləri sahəsində təcrübəsinin də beynəlxalq əməkdaşlıq üçün imkanlar yaratdığını bildirib.
Ömər Əl-Nemer qeyd edib ki, “mygov”, “Digital Login”, “Digital Bridge” və SİMA kimi platformalar üzrə təcrübə üzv dövlətlərlə bölüşülə, texniki bilik mübadiləsi aparıla və mümkün tərəfdaşlıqlar, eləcə də pilot layihələr nəzərdən keçirilə bilər.
“Dövlət qurumları arasında əməkdaşlıqdan əlavə, bu platformalar Azərbaycan texnologiya şirkətlərinin DCO-nun geniş tərəfdaşlıq şəbəkəsi vasitəsilə yeni müştərilərə və bazarlara çıxması üçün də imkanlar yarada bilər”, - deyə o bildirib.
Onun sözlərinə görə, məqsəd yalnız qabaqcıl təcrübələri bölüşmək deyil, həm də ölçülə bilən iqtisadi və sosial fayda verən, səmərəliliyi sübut olunmuş rəqəmsal həllərin daha geniş miqyasda tətbiqinə dəstək göstərməkdir.
Qeyd edək ki, bu ilin sentyabrın 1-də Azərbaycan Rəqəmsal Əməkdaşlıq Təşkilatına (DCO) üzv qəbul edilib. Oktyabrın 5-də isə Azərbaycanın Rəqəmsal Əməkdaşlıq Təşkilatına (DCO) üzvlüyü çərçivəsində Təşkilatın Nizamnaməsi imzalanıb.
2020-ci ilin noyabr ayında təsis edilən DCO rəqəmsal iqtisadiyyatın inklüziv artımını sürətləndirməklə hamı üçün rəqəmsal rifahın təmin olunmasını hədəfləyən qlobal çoxtərəfli təşkilatdır.