Bakı.Trend:
Vaşinqton sammiti Azərbaycanla Ermənistan arasında sülhün möhkəmləndirilməsi üçün başlanğıc nöqtəsi oldu.
Bunu Trend-ə "Atlantic Council"ın baş elmi əməkdaşı, Vaşinqtonda yerləşən "International Tax and Investment Center"in enerji, inkişaf və təhlükəsizlik üzrə idarəedici direktoru Ariel Koen deyib.
“Vaşinqton sammitindən bir il sonra ABŞ liderliyinin aktiv rolu ilə Ermənistanla Azərbaycan arasında münasibətlər struktur dəyişikliklərə məruz qalıb. Sammit sülh prosesinin başa çatması deyil, onun daha uzunmüddətli perspektivdə möhkəmləndirilməsinin başlanğıcı oldu”, - deyə o bildirib.
Koenin sözlərinə görə, 2025-ci il avqustun 8-də ABŞ Prezidenti Donald Trampın təşəbbüsü ilə Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın Baş naziri Nikol Paşinyanın iştirakı ilə Ağ Evdə keçirilən görüş Birgə Bəyannamənin imzalanmasına, dövlətlərarası münasibətlərə dair hərtərəfli sülh sazişinin mətninin paraflanmasına, aktuallığını itirmiş ATƏT-in Minsk qrupunun formal olaraq buraxılmasına, eləcə də "Beynəlxalq Sülh və Rifah Naminə Tramp Marşrutu"nun (TRIPP) işə salınmasına gətirib çıxarıb.
“Bu nəticələr Cənubi Qafqazın onilliklər boyu davam edən və "sıfır cəmli" oyun məntiqinə əsaslanan münaqişədən sərhədlərin tanınmasına, suverenliyə hörmətə və iqtisadi qarşılıqlı asılılığa söykənən yeni modelə, yəni ABŞ-nin strateji maraqlarına cavab verən qarşılıqlı fayda arxitekturasına keçidini nümayiş etdirdi”, - ekspert qeyd edib.
O bildirib ki, praktiki nəticələr artıq açıq şəkildə görünür və ABŞ-nin prioritetlərinə cavab verir.
“Sərhəddə sakitlik qorunur, atışma ilə bağlı heç bir məlumat daxil olmayıb. Azərbaycan tranzit məhdudiyyətlərini aradan qaldırıb və Ermənistana neft məhsulları tədarük etməyə başlayıb, eyni zamanda üçüncü ölkələrdən olan mallar artıq Azərbaycan ərazisindən keçə bilər. Sərhədin delimitasiyası prosesi ikitərəfli hökumətlərarası komissiya çərçivəsində davam edir. Azərbaycanın əsas hissəsini Naxçıvanla birləşdirən, Ermənistanın cənub hissəsindən keçən, təxminən 43 kilometr uzunluğunda olan və Ermənistanın suverenliyinin tam qorunması, eləcə də ABŞ-nin inkişafına dəstəyi ilə həyata keçiriləcək TRIPP dəhlizi konsepsiyadan praktiki icraya keçir. Tikintiyə 2026-cı ilin sonrakı dövründə başlanılması gözlənilir. Bu addımlar regionun xarici sabitliyin pozulması qarşısında həssaslığını azaldır”, - deyə Koen bildirib.
Ekspert qeyd edib ki, sülh müqaviləsinin yekun ratifikasiyası hələ də Ermənistan Konstitusiyasına ərazi iddiaları ilə bağlı mövcud müddəaları aradan qaldırmalı olan dəyişikliklərin edilməsindən asılıdır. Onun sözlərinə görə, bu proses ölkədəki daxili siyasi vəziyyətlə birbaşa bağlıdır.
O bildirib ki, sabitliyin pozulmasında maraqlı olan xarici qüvvələr hələ də risk amili olaraq qalır və onların qarşısının fəal şəkildə alınmasını tələb edir.
“Beləliklə, sammit həqiqətən də dönüş nöqtəsinə çevrildi və buna iki ölkə və onların liderləri arasında əldə olunmuş razılaşma, eləcə də ABŞ-nin diplomatik səyləri imkan yaratdı. Lakin sülhün institusional səviyyədə möhkəmləndirilməsi və regional qarşılıqlı əlaqələrin tamhüquqlu infrastrukturunun yaradılması sonrakı illərdə ABŞ-nin davamlı iştirakını tələb edəcək”, - Koen əlavə edib.
Vaşinqton əvvəlki formatların uğursuz olduğu halda niyə uğur qazana bildi?
Koen qeyd edib ki, otuz il ərzində ATƏT-in Minsk qrupu, eləcə də sonrakı Avropa və Rusiya təşəbbüsləri münaqişənin yekun həllindən daha çox dondurulmuş münaqişənin idarə olunmasına yönəlmişdi.
“Onlar ərazi bütövlüyü məsələsinə danışıqlar predmeti kimi baxır, razılaşmaların etibarlı icra mexanizmlərini, eləcə də qarşılıqlı faydaya əsaslanan iqtisadi stimulları təklif etmirdilər. Azərbaycan 2020 və 2023-cü illərdə güc yolu ilə Qarabağ üzərində nəzarəti bərpa etdikdən sonra hərbi balans geri dönməz şəkildə dəyişdi. Rusiyanın resursları əsasən Ukraynadakı müharibəyə cəmləşdi, Ermənistanın Moskvanın təmin etdiyi hərbi dəstəkdən ənənəvi asılılığı isə zəifləməyə başladı. Nəticədə hər iki paytaxt belə bir nəticəyə gəldi ki, qarşıdurmanın davam etdirilməsi getdikcə daha az nəticə verəcək”, - deyə o bildirib.
Ekspert vurğulayıb ki, Tramp administrasiyası əvvəlki vasitəçilərdə çatışmayan üç amili təklif edib: ən yüksək səviyyədə siyasi iradəni, hər iki tərəfin etimad göstərdiyi vasitəçini və nəqliyyat əlaqələrinin inkişafı üzrə konkret tədbirlər paketini.
Onun sözlərinə görə, məhz bu, münaqişəni təhlükəsizlik sahəsində "sıfır cəmli" oyun məntiqindən qarşılıqlı iqtisadi fayda modelinə keçirməyə imkan verib.
“TRIPP-nin həyata keçirilməsinə və inkişafına yardım göstərilməsində əsas rolu ABŞ-nin üzərinə qoymaqla və Ermənistanın suverenliyini tam qorumaqla Vaşinqton dəhliz ətrafında uzun illər davam edən mübahisəni həll etdi və ABŞ üçün regionun sabitliyində konkret maraq yaratdı. Sülh müqaviləsinin mətninin və Birgə Bəyannamənin açıq şəkildə paraflanması əldə olunmuş razılaşmalardan mümkün imtinanın siyasi qiymətini artırdı. Bu, razılaşmanın bağlanmasına əsaslanan ən effektiv Amerika diplomatiyasının klassik nümunəsidir: Vaşinqton əvvəlki yanaşmaların təmin edə bilmədiyi nəticələrə nail olmaq üçün dəyişmiş qüvvələr nisbətindən istifadə etdi. Bununla da razılaşma birbaşa ABŞ-nin əsas maraqlarına cavab verir”, - deyə o bildirib.
Koen qeyd edib ki, Azərbaycan Prezidenti İlham Əliyevin sülhün artıq praktikada mövcud olması ilə bağlı bəyanatı böyük ölçüdə reallığa uyğundur və artıq Cənubi Qafqazı ABŞ-nin strateji maraqlarına cavab verən istiqamətdə dəyişməyə başlayıb.
“Zorakılığın olmaması, ticarət və tranzit əlaqələrinin başlanması, Ermənistanda labüd hərbi təzyiqlə bağlı narahatlıqların azalması və regional əməkdaşlığın ümumi dilinin formalaşması yeni reallığın artıq yaranmaqda olduğunu göstərir. TRIPP Mərkəzi Asiya və Xəzər regionunu Türkiyə və Avropa bazarları ilə birləşdirən Orta Dəhlizi gücləndirir. Ermənistan təcriddən çıxmaq imkanı əldə edir, Azərbaycan əsas tranzit qovşağı kimi rolunu möhkəmləndirir, ABŞ isə əvvəlki administrasiyaların kifayət qədər diqqət yetirmədiyi strateji əhəmiyyətli regionda öz təsirini yenidən gücləndirir”, - deyə o bildirib.
Koenin fikrincə, əldə olunmuş nəticə Tramp administrasiyasının Avrasiyadakı irsinin əsas nailiyyətlərindən birinə çevrilib. Bu, konkret razılaşmaların əldə edilməsinə əsaslanan, qarşılıqlı əlaqələrin inkişafı, mövcud nizamı yenidən nəzərdən keçirməyə çalışan güclərin fəaliyyət imkanlarının məhdudlaşdırılması və münaqişənin yenidən başlamasının qiymətini artıran iqtisadi qarşılıqlı asılılığın formalaşdırılması yolu ilə ABŞ-nin maraqlarının təşviqinə yönəlmiş praqmatik diplomatiya nümunəsidir.
“Bununla yanaşı, çağırışılar da qalmaqdadır - İrəvanda daxili siyasi maneələr, siyasi elitalar arasında əldə olunmuş razılaşmaların daha geniş ictimai qəbul səviyyəsinə çatdırılması zərurəti. ABŞ-nin davamlı iştirakı, TRIPP-nin icrasının başa çatdırılması, eləcə də Bakı və İrəvanın ardıcıl siyasi iradəsi bu faktiki sülhün geri dönməz olub-olmayacağını müəyyən edəcək”, - deyə Koen fikrini yekunlaşdırıb.
Xatırladaq ki, 2025-ci il avqustun 8-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, Amerika Birləşmiş Ştatlarının Prezidenti Donald Tramp və Ermənistan Respublikasının Baş naziri Nikol Paşinyan Azərbaycan Respublikasının Prezidenti və Ermənistan Respublikasının Baş nazirinin Vaşinqtonda görüşünə dair Birgə Bəyannamə imzalayıblar.
Həmin gün Vaşinqtonda Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Amerika Birləşmiş Ştatlarının Prezidenti Donald Tramp və Ermənistan Respublikasının Baş naziri Nikol Paşinyanla görüşü çərçivəsində Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov və Ermənistan Respublikasının xarici işlər naziri Ararat Mirzoyan “Azərbaycan Respublikası və Ermənistan Respublikası arasında sülhün və dövlətlərarası münasibətlərin təsis edilməsinə dair Saziş” layihəsini paraflayıblar. Ermənistan” və Azərbaycan Respublikası və Ermənistan Respublikası xarici işlər nazirlərinin ATƏT-in fəaliyyətdə olan sədrinə (ATƏT-in Minsk prosesinin bağlanması, Minsk Konfransı tərəfindən müzakirə edilən münaqişə üzrə ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi və Yüksək Səviyyəli Planlaşdırma Qrupuna) birgə müraciəti imzalayıblar. Onlar Azərbaycan Respublikası və Ermənistan Respublikası xarici işlər nazirlərinin ATƏT-in fəaliyyətdə olan sədrinə birgə müraciətini (ATƏT-in Minsk Prosesinin, ATƏT-in fəaliyyətdə olan sədrinin Minsk konfransının müzakirəsində olan münaqişə üzrə şəxsi nümayəndəsi və Yüksək Səviyyəli Planlaşdırma Qrupunun bağlanması barədə) imzalayıblar.