Bakı. Trend:
Ermənistan blokadanın aradan qaldırılmasının faydalarını ilk əldə edən ölkə olub və Azərbaycan ərazisindən keçməklə xarici aləmlə dəmir yolu əlaqəsi əldə edib.
Bunu Ermənistan parlamentinin spikeri Ruben Rubinyan Vaşinqton Bəyannaməsinin imzalanmasının birinci ildönümü ilə bağlı "Facebook" sosial şəbəkə hesabındakı videomüraciətində deyib.
Onun sözlərinə görə, bir il əvvəl Vaşinqtonda Sülh Bəyannaməsi imzalanarkən skeptiklər bunun real sülh gətirəcəyinə inanmırdılar.
"Onlar bunun sərhəddə davamlı atışmalara və itkilərə son qoyacağına inanmırdılar. Onlar bizim blokadadan çıxacağımıza inanmırdılar. Onlar açıq şəkildə deyirdilər ki, bunu etməklə biz qarşı tərəfə irəliləmək üçün yol veririk, əvəzində isə heç nə əldə etmirik və blokada şəraitində qalırıq. Sonrakı bir il ərzində baş verənlər bunun əksini göstərdi”, - deyə spiker bildirib.
Rubinyan vurğulayıb ki, Ermənistan nəinki blokadada qalmayıb, həm də blokadanın aradan qaldırılmasının faydalarını ilk əldə edən ölkə olub və Azərbaycan ərazisindən keçməklə xarici aləmlə dəmir yolu əlaqəsi əldə edib.
O, eyni prosesin Türkiyə istiqamətində də baş verdiyini, Türkiyənin yaxın vaxtlarda Ermənistanın öz dəmir yolu şəbəkəsindən istifadəsinə qoyulan məhdudiyyətləri aradan qaldırdığını qeyd edib.
“Bu, real sülhdür və biz buna sevinməliyik. Biz sülhə layiqik”, - deyə Rubinyan bildirib.