Bakı. Trend:
Füzuli rayonunun Pirəhmədli kəndində həyata keçirilən yenidənqurma layihəsi üzrə tikinti işləri planlaşdırılmış qrafikə uyğun davam etdirilir.
Trend-in Qarabağ bürosunun məlumatına görə, bunu Ağdam, Füzuli və Xocavənd rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidmətinin İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Təranə Quliyeva Trend-ə müsahibəsində deyib.
Onun sözlərinə görə, layihə çərçivəsində kəndin müasir yaşayış məntəqəsi kimi formalaşdırılması və sakinlərin rahat, təhlükəsiz yaşayış şəraiti ilə təmin olunması nəzərdə tutulur.
“Tikinti layihəsi ümumilikdə 89,63 hektardan çox ərazini əhatə edir. Burada 347 fərdi yaşayış evinin, həmçinin 277 mənzilli, 4 mərtəbəli 8 yaşayış binasının inşası planlaşdırılıb. İlkin mərhələdə layihələndirilən ərazi 74,69 hektar təşkil edir. Birinci mərhələdə nəzərdə tutulan 280 fərdi yaşayış evindən 146-sının tikintisinin ilin sonuna qədər başa çatdırılması planlaşdırılır.
İlk mərhələdə 280 ailənin kəndə köçürülməsi nəzərdə tutulur. Hazırda fərdi yaşayış evləri ilə yanaşı məktəb, uşaq bağçası, tibb məntəqəsi və inzibati bina kimi sosial təyinatlı obyektlərin tikintisi də davam etdirilir.
Bununla yanaşı, kənddaxili yolların salınması, mühəndis-kommunikasiya xətlərinin çəkilməsi və digər infrastruktur layihələrinin icrası istiqamətində hazırlıq işləri aparılır.
Əsas məqsədimiz Pirəhmədli sakinlərinin doğma yurdlarına ən qısa zamanda təhlükəsiz və rahat şəkildə qayıdışını təmin etməkdir”, – deyə Təranə Quliyeva bildirib.







