Bakı. Trend:
Optimallaşdırılma nəticəsində şagird sayı az olan məktəblərin bağlanması, yaxud birləşdirilməsi MİQ imtahanında yüksək bal toplamış müəllimlərin işsiz qalmasına səbəb olur. Belə ki, optimallaşdırma gedən məktəblərdə çalışan müəllimlər digər rayon məktəblərində mövcud olan vakant yerlərə yerləşdirilir. Nəticədə kənd məktəblərində və rayonlarda yeni vakansiyalar yaranmır. MİQ imtahanında 88-90 və daha yüksək bal toplayan müəllimlər isə öz rayonlarında və yaxın ərazilərdə vakansiya olmadığı üçün işsiz qalırlar. Onların əksəriyyətinin gənc və azyaşlı uşaqları olan qadınlar olması vəziyyəti daha da çətinləşdirir. Belə müəllimlərin ailə və uşaq məsuliyyətlərinə görə başqa rayon və ya şəhərlərdə işləməyi seçməsi, demək olar ki, mümkün olmur. Nəticədə yüksək bal toplayan müəllimlər öz rayonlarında iş tapa bilmədikləri üçün ortada qalırlar.
Mövzu ilə bağlı Trend-ə açıqlamasında təhsil üzrə ekspert Elmin Nuri bildirib ki, optimallaşdırılma istiqamətində görülən işlərin müsbət tərəfləri olduğu kimi, mənfi yönləri də var. Onun sözlərinə görə, mənfi tərəfləri bir neçə istiqamətdə təsnifləşdirmək olar:
Şagirdlərin yol və nəqliyyat məsələlərində çətinlikləri artır
"İlk istiqamət şagirdlərin yol və nəqliyyat məsələləri ilə bağlı yaşayacağı çətinliklərdir. İkinci istiqamət isə məhz sizin diqqət çəkdiyiniz məqamdır. Optimallaşdırılmaya gedilir, ucqar kəndlərdə az sayda şagirdin təhsil aldığı məktəblər bağlanır və ya birləşdirilir. Məsələnin görünməyən, pərdəarxası tərəfləri isə kölgədə qalır. Bunlardan biri də sizin yaxın ərazidəki müəllim kontingenti ilə bağlı qeyd etdiyiniz problemdir.
Kiçik məktəblərin bağlanması yaxın ərazidə yaşayan müəllimlərin motivasiyasına təsir edir
Yaxın ərazidə yaşayan müəllimlər iş yeri kimi məsafə və vaxt baxımından məhz həmin məktəblərdə çalışmağı istəyirlər. MİQ-ə müraciət edir, hazırlaşır, bal toplayıb həmin məktəblərdə işləməyi hədəfləyirlər. İlk növbədə onların motivasiyası əllərindən alınmış olur. MİQ-ə gələn və özlərinə yaxın məktəbdə işləməyi hədəf seçən şəxslərin motivasiyası azalır. Onların əmək bazarındakı faydalılığı da müəyyən mənada əllərindən alınmış olur. Dediyiniz kimi, çoxları gənc müəllimlərdir, valideyn qayğısına ehtiyacı olan azyaşlı uşaqları var. Nəticədə bu müəllimlər iki yoldan birini seçməli olur və nə qədər ağır olsa da, işindən imtina etməli olurlar".
Gənc müəllimlər ucqar ərazilərdə daha çox fayda verə bilər
Ekspert bildirib ki, üçüncü məqam müəllimin öz lokal mühiti üçün zəruriliyini itirməsidir:
"MİQ-də 88-90 bal yığmış gənc müəllim lokal məktəbdə daha faydalıdır. Oradakı uşaqların ona daha çox ehtiyacı var. Böyük məktəblərin onsuz da kifayət qədər müəllim kontingenti var. Optimallaşdırılma istiqamətində bağlanan kiçik məktəblər sırf müəllimin intellektindən, yanaşmasından asılı olan məktəblər idi. O müəllim orada həm də maarifçilik işini həyata keçirirdi. Bütün bu detalların hamısı aradan qalxmış olur".
Kiçik məktəblərin bağlanması ilə bağlı çıxış yolu kimi icma əsaslı məktəblər nəzərdən keçirilə bilər
Ekspert problemin həll yolu kimi icma əsaslı təhsili misal gətirib:
"Həll yolunu deməkdə isə çətinlik çəkirəm. Analitik iş odur ki, təkcə problemi deməməli, həm də çıxış yolu təqdim etməlisən. Mən çıxış yolu deyə bilərəm, amma bunun nə qədər real, yaxud absurd görünəcəyini deyə bilmərəm. Bu gün biz alternativ icma əsaslı məktəblərə daha çox meyl etməli idik. Amma icma əsaslı məktəblər inkişaf etmədi, əksinə, kiçik məktəblər bağlandı. Halbuki bunların saxlanılmasına ciddi ehtiyac var idi. Burada xərclər, şagirdbaşına düşən təhsil xərcləri var və bunlar aydındır. Bəs onda müəllimləri nə edək? Bu cür müəllimlər xüsusi təlimlərə və proqramlara cəlb olunmalıdır ki, motivasiyalarını itirməsinlər".

