Bakı.Trend:
İran ABŞ və İsrailin zərbələri nəticəsində zədələnmiş hərbi və mülki infrastrukturu gözləndiyindən xeyli sürətlə bərpa edir.
Bu barədə "The Wall Street Journal" (WSJ) İsrail və Qərb rəsmilərinə, həmçinin peyk görüntülərinin təhlilinə istinadən yazır.
Qəzetin məlumatına görə, ölkədə dağ tunellərində yerləşən raket bazaları, körpülər, limanlar, gəmiqayırma müəssisələri və istehsal obyektləri fəal şəkildə bərpa olunur. Bəzi hallarda təmir işləri cəmi bir neçə həftə ərzində başa çatdırılıb.
WSJ qeyd edir ki, bərpa işlərinin bu cür sürətli tempi İsrail hərbi rəhbərliyinin bir hissəsində narahatlıq doğurur. İsrailli hərbi rəsmilərdən biri bildirib ki, üç aviasiya bombası ilə dağıdılmış körpü İran tərəfindən cəmi bir neçə gün ərzində bərpa edilib. Onun sözlərinə görə, bu, İsrail üçün gözlənilməz olub və bəzi zərbələrin effektivliyi ilə bağlı suallar yaradıb.
Nəşr, həmçinin Kirmanşah, Kəngəvər, Dezful bölgələrində, eləcə də İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) ilə əlaqəli Bəndər-Ənzəli limanındakı gəmiqayırma müəssisəsində aparılan bərpa işlərini nümunə göstərir.
İsrailin hava və raketdən müdafiə qüvvələrinin keçmiş komandanı Ran Koxav bildirib ki, İran “sənaye və bərpa sahəsində təsirli imkanlara” malikdir. Onun sözlərinə görə, İsraillə əvvəlki münaqişədən sonra Tehran qısa müddətdə raket ehtiyatlarını bərpa etməyə və istehsal güclərini yenidən qurmağa nail olmuşdu.