Bakı.Trend:
İyulun 24-nə keçən gecə Gürcüstanda ölkə miqyasında genişmiqyaslı elektrik enerjisi kəsintisi baş verib.
TASS-ın Gürcüstan Dövlət Elektrik Sistemi tərəfindən yayılan açıqlamaya istinadən verdiyi məlumata görə, yerli vaxtla saat 00:10 radələrində ölkə üzrə elektrik enerjisinin verilişi qəza səbəbindən dayanıb.
Nəticədə paytaxt Tbilisi ilə yanaşı Batumi, Kutaisi, Telavi, Borjomi, Bakuriani və Zuqdidi şəhərləri də işıqsız qalıb.
Elektrik təchizatındakı pozuntularla əlaqədar Tbilisi, Rustavi və Msxeta sakinlərinə su təchizatında mümkün problemlərlə bağlı xəbərdarlıq edilib.
“Georgian Water” and “Power” şirkəti də ölkə üzrə elektrik kəsintisini təsdiqləyərək bəzi şəhərlərdə su təchizatında fasilələrin yarana biləcəyini bildirib.
Sosial şəbəkələrdə Gürcüstan Dövlət Elektrik Sistemi adından yayılan məlumatlarda bildirilib ki, qəzanın səbəbi Gürcüstan və Türkiyənin enerji sistemlərini birləşdirən yüksək gərginlikli elektrik ötürmə xəttində baş vermiş nasazlıqdır.
Lakin “Pirveli” telekanalı xəbər verir ki, qurum bu məlumatı təkzib edib. Bildirilib ki, sosial şəbəkələrdə yayılan və genişmiqyaslı elektrik kəsintisinin səbəbini Gürcüstan-Türkiyə elektrik ötürmə xəttindəki qəza ilə əlaqələndirən açıqlama həqiqəti əks etdirmir.