Bakı. Trend:
İsrail ordusunun artilleriyası Livanın cənubundakı Nəbətiyyə əyalətində "Hizbullah"ın dayaq məntəqələrindən biri hesab olunan Əli ət-Tahir dağlıq rayonunu intensiv atəşə tutub.
Bu barədə "Al-Markaziya" agentliyi məlumat yayıb.
Məlumata görə, yeraltı sığınacaqların və tunellərin yerləşdiyi yüksəkliklərdə güclü partlayışlar baş verib. Nəbətiyyə əl-Fauka şəhərinin yaşayış məhəllələri də atəşə məruz qalıb, nəticədə bir neçə bina dağılıb. Zərbələrin endirildiyi ərazilərdən səmaya sıx tüstü sütunları qalxıb.
Bundan əvvəl İsrail Hərbi Hava Qüvvələrinin pilotsuz uçuş aparatları Hardali körpüsü yaxınlığında, Livan hərbçilərinin blok postunun yerləşdiyi Litani çayının sahilinə zərbələr endirib. Livan ordusunun mətbuat xidməti bildirib ki, hərbçilər arasında xəsarət alan yoxdur və vəziyyət nəzarət altındadır.