Bakı.Trend:
ABŞ Prezidenti Donald Tramp bəyan edib ki, İran Hörmüz boğazındakı gəmilərə hər hansı hücum edəcəyi təqdirdə, Vaşinqton buna cavab olaraq ölkənin infrastruktur obyektlərinə zərbələr endirəcək.
Ağ Ev rəhbəri bu barədə "Truth Social" sosial şəbəkəsindəki səhifəsində yazıb.
"Bu andan etibarən İran İslam Respublikası Hörmüz boğazında hər hansı bir gəmiyə raket, mərmi, pilotsuz uçuş aparatı və ya istənilən digər vasitə və ya silahla atəş açarsa, Birləşmiş Ştatlar cavab olaraq bir körpünü və ya elektrik stansiyasını məhv edəcək. Bu, Tehranın yaxınlığında və ya birbaşa paytaxtın daxilində yerləşən obyektlərə də aiddir", – deyə Tramp bildirib.
Xatırladaq ki, ABŞ-İran münasibətlərində növbəti gərginlik iyulun 8-də başlayıb. Həmin gün ABŞ Silahlı Qüvvələri Vaşinqton və Tehran arasında imzalanmış memorandumdan sonra ilk dəfə olaraq, Hörmüz boğazında ticarət gəmisinə hücuma cavab olduğu iddiası ilə İran ərazisinə bir neçə silsilə zərbə endirib. Elə həmin gün ABŞ Prezidenti Donald Tramp İranla atəşkəs rejiminin dayandırıldığını bəyan edib. Buna cavab olaraq Tehran Bəhreyn, İordaniya, Qətər, Küveyt, BƏƏ və Oman ərazisində yerləşən ABŞ obyektlərinə zərbələr endirməyə başlayıb.