Bakı.Trend:
Azərbaycan Kibertəhlükəsizlik Mərkəzi çərçivəsində hazırlanmış 3 kibertəhlükəsizlik məhsulu artıq bazarda fəaliyyət göstərir.
Trend-in tədbirdəki müxbiri xəbər verir ki, bu fikirləri İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin İnformasiya təhlükəsizliyi departamentinin müdiri Şahmar Hacıyahyayev Azərbaycan Kibertəhlükəsizlik Mərkəzinin (AKM) Məzun Günündə çıxışı zamanı deyib.
O bildirib ki, AKM-in fəaliyyəti yalnız kibertəhlükəsizlik mütəxəssislərinin hazırlanması ilə məhdudlaşmır, eyni zamanda ölkədə dayanıqlı kibertəhlükəsizlik ekosisteminin formalaşdırılmasına yönəlib.
“AKM-in inşası olunan vaxt tədris hissəsi ilə başlasa da, biz düşündük ki, kibertəhlükəsizlik ekosisteminin inkişafı sadəcə tədrislə kifayətlənməyəcək. Buna görə də fəaliyyəti dörd istiqamət üzrə – "CyberEdu", "Brain Center", "CyberPark" və "CyberCollab" platformaları altında formalaşdırdıq”, - deyə o bildirib.
Ş.Hacıyahyayev qeyd edib ki, AKM-də hazırlanan kibertəhlükəsizlik məhsulları artıq real sektorda tətbiq olunur.
“AKM çərçivəsində tədqiq və inkişaf etdirilən məhsulların artıq üçü əmək bazarında fəaliyyət göstərir. Digər məhsullar isə müxtəlif dövlət və özəl qurumlarda sınaq mərhələsindədir. Düşünürük ki, ilin sonuna qədər onlar da bazara çıxaraq real nəticələr verəcəklər”, - deyə o vurğulayıb.
Onun sözlərinə görə, AKM tərəfindən yaradılan məhsullar beynəlxalq səviyyədə də uğur qazanıb.
“Məhsullarımız təkcə ölkədə deyil, xaricdə də müxtəlif müsabiqə və tədbirlərdə mükafatlara layiq görülüb. Bununla yanaşı, "Snyk", "AI Security" və "OffSec" kimi beynəlxalq peşəkar icmaların Azərbaycandakı fəaliyyətini formalaşdırmışıq”, - deyə departament müdiri bildirib.
Ş.Hacıyahyayev qeyd edib ki, AKM-də məhsul hazırlanması prosesi sənayenin ehtiyaclarından başlayır.
“Müxtəlif sahələrin ehtiyac duyduğu kibertəhlükəsizlik problemlərini müəyyənləşdiririk, həmin mövzular üzrə hakatonlar təşkil edirik və sonrakı mərhələdə ideyaların məhsula çevrilməsini dəstəkləyirik”, - deyə o bildirib.
O vurğulayıb ki, AKM ali təhsil müəssisələri ilə əməkdaşlığı da genişləndirir.
""Brain Center" layihəsi çərçivəsində artıq 7 universitetdə 20 qrup üzrə tədris həyata keçirilir. Bununla yanaşı, 20-dən çox vorkşop təşkil olunub, universitet laboratoriyalarının inkişafı, sillabusların yenilənməsi və kiberklubların fəaliyyətinə dəstək göstərilib”, - deyə Ş.Hacıyahyayev qeyd edib.
Departament müdiri bildirib ki, AKM-in təhsil proqramlarına maraq yüksəkdir.
“Son üç ildə 17 mindən çox müraciət əsasında 420 fundamental proqram məzunu hazırlanıb. Son dalğa istisna olmaqla, əvvəlki məzunların məşğulluq göstəricisi təxminən 90 faiz təşkil edir. Bundan əlavə, dövlət və özəl sektordan 160 mütəxəssis ixtisasartırma proqramlarına cəlb olunub”, - deyə o vurğulayıb.
Ş.Hacıyahyayev əlavə edib ki, AKM ölkədə kibermaarifləndirmə istiqamətində də geniş fəaliyyət göstərir.
“‘CyberCollab" istiqaməti çərçivəsində 53-dən çox dövlət və özəl qurumun 7 mindən artıq əməkdaşı kibergigiyena və kibermaarifləndirmə təlimlərinə cəlb olunub. Eyni zamanda, dövlət qurumlarının və iri şirkətlərin rəhbər heyəti üçün də xüsusi maarifləndirmə proqramları təşkil etmişik. Hesab edirik ki, kibertəhlükəsizliyə investisiya ilk növbədə rəhbərlik səviyyəsindən başlamalıdır”, - deyə o əlavə edib.