Bakı.Trend:
Azərbaycanın ümumi beynəlxalq ehtiyatlarının 2025-ci ildəki 13,6 milyard dollardan 2026-cı ildə 18,6 milyard dollara yüksələcəyi gözlənilir.
Bu barədə Niderlandın ING maliyyə qrupunun hesabatında deyilir.
Beləliklə, 2026-cı ildə ölkənin ümumi beynəlxalq ehtiyatları əvvəlki illə müqayisədə 36,76 faiz artacaq. Sonrakı illərdə isə bu göstəricinin azalaraq 2027-ci ildə 17,6 milyard dollara, 2028-ci ildə isə 15,6 milyard dollara çatacağı gözlənilir.
Azərbaycanın son on il ərzində ümumi beynəlxalq ehtiyatlarının dinamikası aşağıdakı cədvəldə təqdim olunur.
İl
Ümumi beynəlxalq ehtiyatlar, milyard dollar
2016
7,3
2017
7,0
2018
6,7
2019
7,1
2020
7,8
2021
8,3
2022
10,8
2023
13,7
2024
12,7
2025
13,6
“Büdcə sahəsində olduğu kimi, neft qiymətlərinin artması Azərbaycanın xarici iqtisadi perspektivlərini əhəmiyyətli dərəcədə yaxşılaşdıraraq 2025-ci ildə müşahidə olunan pisləşmənin böyük hissəsini kompensasiya edib. Neftin bir barelinin qiymətində hər əlavə 10 dollar artım illik ixracın ÜDM-in təxminən 4 faizi həcmində artmasını təmin edir. Nəticədə, 2026-cı ildə tədiyə balansının cari əməliyyatlar hesabının profisiti ÜDM-in 10 faizini ötə bilər”, – deyə hesabatda bildirilir.
Eyni zamanda, ING analitiklərinin qeyd etdiyi kimi, ÜDM-in 115 faizinə bərabər olan suveren aktivlər artmaqda davam edir və potensial xarici şoklara qarşı əhəmiyyətli müdafiə buferi yaradır.
“Bu ehtiyatlar Azərbaycan manatının ABŞ dollarına məzənnəsinin sabit saxlanılmasını və ümumilikdə makroiqtisadi sabitliyi dəstəkləyən əsas amil olaraq qalır. Bununla belə, uzunmüddətli perspektivdə karbohidrogen hasilatının azalması və ixracın kifayət qədər şaxələndirilməməsi, ehtimal ki, xarici ticarət hesabının profisitini tədricən azaldacaq”, – deyə materialda qeyd olunur.