Bakı.Trend:
2026-cı ilin yekunlarına görə, Azərbaycanın tədiyə balansının cari əməliyyatlar hesabının profisiti ÜDM-in 10 faizini ötə bilər.
Bu barədə Niderlandın ING maliyyə qrupunun hesabatında deyilir.
"Büdcə sahəsində olduğu kimi, neft qiymətlərinin artması Azərbaycanın xarici iqtisadi perspektivlərini əhəmiyyətli dərəcədə yaxşılaşdıraraq 2025-ci ildə müşahidə olunan pisləşmənin böyük hissəsini kompensasiya edib. Neftin bir barelinin qiymətində hər əlavə 10 dollarlıq artım illik ixracın həcmini təxminən ÜDM-in 4 faizi qədər artırır. Nəticədə, 2026-cı ildə tədiyə balansının cari əməliyyatlar hesabının profisiti ÜDM-in 10 faizini ötə bilər”, – hesabatda qeyd olunur.
Eyni zamanda, ING analitiklərinin bildirdiyinə görə, ÜDM-in 115 faizinə bərabər olan suveren aktivlər artmaqda davam edir və potensial xarici şoklardan əhəmiyyətli müdafiə təmin edir.
“Bu ehtiyatlar Azərbaycan manatının ABŞ dollarına məzənnəsinin sabit saxlanılmasını və ümumilikdə makroiqtisadi sabitliyi dəstəkləyən əsas amil olaraq qalır. Lakin uzunmüddətli perspektivdə karbohidrogen hasilatının azalması və ixracın kifayət qədər şaxələndirilməməsi, böyük ehtimalla, xarici ticarət və ödənişlər üzrə profisitin tədricən azalmasına səbəb olacaq”, - deyə materialda bildirilir.
ING qeyd edir ki, xarici iqtisadi göstəricilər baxımından Azərbaycan Qafqaz və Mərkəzi Asiya regionunun ən dayanıqlı ölkələrindən biri olaraq qalır. Bununla belə, xammal məhsullarından asılılıq orta müddətli perspektivdə ölkənin iqtisadi inkişafını müəyyənləşdirməkdə davam edir.
“İlin əvvəlində həm struktur, həm də müvəqqəti amillərin təsiri ilə yanacaq-energetika sektorunda zəif dinamika səbəbindən iqtisadi artım artıq ikinci ildir ki, orta səviyyədən aşağı qalır. Bununla yanaşı, karbohidrogenlərin yüksək qiymətləri iqtisadiyyatın daha geniş sektorlarına yönələn maliyyə vəsaitlərinin daxilolmasını dəstəkləyir və qeyri-neft sahələrinin perspektivlərinə inamı gücləndirir”, – hesabatda deyilir.
Qeyd olunur ki, 2026-cı il ərzində kreditləşmənin fəallaşması fonunda pərakəndə ticarətin artım tempi və qeyri-neft sektorunda sənaye məhsulları istehsalı sürətlənib.
“Yanacaq-energetika sektorundan əldə olunan gəlirlər hesabına icmal büdcə profisitini qoruyub saxlayır, qeyri-neft büdcəsinin davamlı kəsiri isə daxili tələbi dəstəkləyir. Yanacaq-energetika sektorundakı dinamikanın təsiri ilə 2025–2026-cı illərdə iqtisadi fəallığın uzunmüddətli zəifləməsindən sonra orta müddətli perspektivdə iqtisadi artımın bərpa olunacağını gözləyirik. Lakin iqtisadiyyatın şaxələndirilməsi sürətlənməzsə, potensial artım tempinin, görünür, 2–3 faiz səviyyəsi ilə məhdudlaşacağı ehtimal olunur”, – ING-də bildirilib.