Bakı. Trend.
Azərbaycanda İslam maliyyəsinin tətbiqi üçün ən əlverişli sahələrdən biri lizinq sektorudur.
Trend-in tədbirdəki müxbiri xəbər verir ki, bu barədə “PAŞA Kapital”ın Maliyyə, İnvestisiya və Əməliyyatlar blokunun rəhbəri Özal Talıblı cümə axşamı III İslam Maliyyə Forumunda çıxışı zamanı deyib.
Ö.Talıblının sözlərinə görə, icarə müqaviləsi, aktivin qeydiyyatı, sığorta və girov kimi məsələlər mövcud lizinq praktikasında artıq geniş tətbiq olunur. Bu isə İslam maliyyəsinə keçidi asanlaşdırır. O, İslam maliyyəsinin inkişafı üçün vergi, monetar və sığorta neytrallığının təmin edilməsinin vacibliyini vurğulayıb.
“Əhalinin lizinq məhsulları ilə tanışlığı bu modelin ölkədə sürətlə mənimsənilməsinə şərait yaradır. Beynəlxalq sektorun ən dinamik inkişaf edən istiqamətlərindən biri isə sukuk bazarıdır. Keçən il qlobal sukuk buraxılışının həcmi təqribən 265 milyard dollar təşkil edərək tarixi rekorda imza atıb. Bunun 100 milyard dollardan çoxu məhz xarici valyutada beynəlxalq bazarlara çıxarılıb. "Fitch"in məlumatına görə, reytinqi verdiyi sukukların təqribən 80%-i investisiya reytinqinə malikdir. Bu da sukukun artıq dar çərçivəli dini alət deyil, institusional investorlar üçün etibarlı və real aktivə bağlı real investisiya vasitəsi olduğunu sübut edir”,- deyə o bildirib.
Ö.Talıblının sözlərinə görə, qlobal bazarda yaşıl və dayanıqlı sukuk buraxılışı bir ildə 60%-dan çox artaraq rekord həddə - təxminən 18.5 milyard dollara çatıb.
“Azərbaycanın "yaşıl" maliyyə və dayanıqlı inkişaf prioritetlərini nəzərə alsaq, ölkədə ilk sukuk emissiyasının məhz "yaşıl sukuk" formasında, hətda gələn il həyata keçirilməsi mümkündür. Bunun üçün ən vacib məqam hüquqi bazanın formalaşdırılmasının yekunlaşmasıdır. “PAŞA Kapital” sukuk alətinin vətəndaşlara təqdim etmək istiqamətdə fəal iş aparır. Şirkətin niyətlərindən biri yerli şirkətləri xarici kapital bazarlarına çıxarmaq, beynəlxalq sukuk emissiyaları vasitəsilə onların qlobal səviyyədə tanınmasını və maliyyələşməsini təmin etməkdir”,- deyə o bildirib.