Bakı.Trend:
Çin “Gravity-1” daşıyıcı raketi vasitəsilə orbitə doqquz yeni süni peykini çıxarıb.
Bu barədə “Xinhua” agentliyi məlumat yayıb.
Məlumata görə, iyulun 22-də yerli vaxtla saat 10:54-də (Bakı vaxtı ilə 06:54) Şanxay sahilləri yaxınlığındakı dəniz platformasından "Gravity-1" daşıyıcı raketi uğurla buraxılıb.
Bildirilir ki, orbitə çıxarılan peyklər “Dongpo”, “Xiguang” və “Tianyi” seriyalarına aiddir və Yerin məsafədən zondlanması məqsədilə istifadə olunur.
Pekin milli kosmik proqramını fəal şəkildə inkişaf etdirərək meteoroloji, telekommunikasiya və naviqasiya peykləri, həmçinin Ayın tədqiqi üçün nəzərdə tutulan texnologiyalar hazırlayır. Dövlətin dəstəyi ilə Çin mütəxəssisləri asteroidlərin və Marsın öyrənilməsinə yönəlmiş layihələri həyata keçirirlər. Hazırda orbitdə beynəlxalq əməkdaşlıq üçün də nəzərdə tutulan Çin kosmik stansiyası da fəaliyyət göstərir.