Bakı. Trend:
ABŞ Prezidenti Donald Tramp FİFA prezidenti Canni İnfantinonun BMT-nin baş katibi vəzifəsinə namizədliyini irəli sürmək imkanını nəzərdən keçirir.
Bu barədə The New York Post qəzeti məlumat yayıb.
Mənbənin məlumatına görə, ABŞ lideri hesab edir ki, dünya futboluna rəhbərlik edən İnfantino bu vəzifə üçün zəruri keyfiyyətlərə malikdir. Tramp onun insanlarla asan ünsiyyət qurmaq bacarığını yüksək qiymətləndirib və FİFA prezidentinin dünyanın bir çox ölkəsində hörmət qazandığını bildirib. Onların münasibətlərinin 2026-cı il futbol üzrə dünya çempionatına hazırlıq və turnirin keçirilməsi dövründə daha da yaxınlaşdığı qeyd olunur.
BMT-nin yeni baş katibinin seçkiləri bu il Antonio Quterreşin vəzifədən ayrılmasından sonra keçiriləcək. Namizədin seçilməsi üçün əvvəlcə BMT Təhlükəsizlik Şurasının, o cümlədən veto hüququna malik beş daimi üzvün dəstəyini alması, daha sonra isə Baş Assambleya tərəfindən təsdiqlənməsi tələb olunur.
"FİFA prezidenti ilə BMT-nin baş katibi vəzifələri arasında müəyyən oxşarlıq var. Birləşmiş Millətlər Təşkilatında 193 üzv dövlətlə işləməlisiniz. FİFA-da isə onların sayı 200-dən çoxdur və Canninin təsirli fəaliyyəti göstərir ki, o, belə qurumları idarə etməyi bacarır", – deyə ABŞ-ın qlobal tərəfdaşlıq məsələləri üzrə xüsusi nümayəndəsi Paolo Dzampolli bildirib.
Canni İnfantino 2016-cı ildən FİFA-ya rəhbərlik edir və 2023-cü ildə növbəti müddətə yenidən seçilib. FİFA prezidentinin BMT-də bu vəzifəyə namizədliyinin irəli sürülməsi ilə bağlı məlumat hələlik rəsmi şəkildə təsdiqlənməyib.