Bakı. Trend:
ABŞ Mərkəzi Komandanlığı (CENTCOM) iyulun 21-də Şərq vaxtı ilə saat 20:15-də İrana qarşı ardıcıl 11-ci gecə həyata keçirilən zərbə əməliyyatını uğurla başa çatdırıb.
Bu barədə ABŞ Silahlı Qüvvələrinin Mərkəzi Komandanlığı (CENTCOM) "X" sosial şəbəkəsində məlumat verib.
"CENTCOM qüvvələri İranın hərbi əməliyyat mərkəzlərini, dəniz imkanlarını, hərbi təyyarə anqarlarını, pilotsuz uçuş aparatlarının saxlanıldığı obyektləri və hərbi logistika infrastrukturunu hədəfə alıb. Zərbələrin məqsədi İranın Hörmüz boğazında kommersiya gəmiçiliyinə təhlükə yaratmaq imkanlarını daha da zəiflətmək olub.
Son üç ay ərzində İran regional və qlobal ticarət üçün həyati əhəmiyyət daşıyan beynəlxalq su yolundan keçən 30-dan çox kommersiya gəmisinə hücum edib. Əsassız hücumlar yüzlərlə dinc dənizçinin həyatını təhlükə altına qoyub və gəmiçilik azadlığını sarsıdıb.
İranın aqressiv hərəkətlərinə baxmayaraq, Hörmüz boğazı kommersiya gəmilərinin hərəkəti üçün açıq qalır. May ayının əvvəlindən etibarən CENTCOM qüvvələri təxminən 900 kommersiya gəmisinin və 450 milyon barel xam neftin təhlükəsiz tranzitinə dəstək göstərib", - deyə məlumatda bildirilir.