Bakı. Trend:
“Dövlət uşaq musiqi, incəsənət, rəssamlıq məktəblərində və bu qəbildən olan digər dövlət təhsil müəssisələrində işləyən təhsilverənlərin sertifikatlaşdırma Qaydası” təsdiqlənib.
Bununla bağlı Baş nazir Əli Əsədov müvafiq qərar imzalayıb.
Yeni qayda dövlət uşaq musiqi, incəsənət və rəssamlıq məktəblərində, eləcə də analoji dövlət təhsil müəssisələrində çalışan müəllimlərin peşəkar bilik, bacarıq və səriştələrinin qiymətləndirilməsi məqsədilə sertifikatlaşdırma prosesinin təşkilini müəyyən edir.
Qərara əsasən, sertifikatlaşdırma iki mərhələdən ibarət olacaq. Birinci mərhələdə müəllimlər test imtahanında iştirak edəcəklər. Test mərhələsini uğurla başa vuran təhsilverənlər ikinci mərhələ olan müsahibəyə buraxılacaqlar. Müsahibədə onların ixtisas bilikləri, pedaqoji yanaşmaları, metodiki hazırlığı, kommunikasiya bacarıqları və peşə səriştələri qiymətləndiriləcək.
Sertifikatlaşdırmanın nəticələrinə əsasən müəllimlərin peşə hazırlığı müəyyən ediləcək. Prosesin təşkili, qiymətləndirmə meyarları, apellyasiya mexanizmi, eləcə də sertifikatlaşdırmadan keçməyən və üzrlü səbəbdən iştirak etməyən şəxslərlə bağlı prosedurlar da qaydada əksini tapıb.
Qərarla sertifikatlaşdırmanın keçirilməsi zamanı Mədəniyyət Nazirliyi tərəfindən təşkilati tədbirlərin görülməsi, qiymətləndirmə prosesinin isə müəyyən olunmuş qaydalara uyğun həyata keçirilməsi nəzərdə tutulur. Yeni qayda qərarın imzalandığı gündən qüvvəyə minib.