Bakı. Trend:
Klinik Tibbi Mərkəzdə xəstə daşınması üçün tibbi avadanlıq əvəzinə PVC borudan düzəldilmiş "xərək"-dən istifadə edilməsi məsələsinə aydınlıq gətirilib.
Trend-in sorğusuna cavab olaraq TƏBİB-dən bildirilib ki, Kliniki Tibbi Mərkəzin Radiologiya şöbəsində istifadə olunan təkərli xərək (katalka) xəstələrin maqnit-rezonans müayinəsi zamanı təhlükəsizliyinin təmin edilməsi məqsədilə xüsusi olaraq plastik borulardan hazırlanıb.
"Maqnit-rezonans tomoqrafiyası (MRT) müayinəsi zamanı xəstələrin təhlükəsiz şəkildə müayinə aparatına yerləşdirilməsi üçün maqnit sahəsinə reaksiya verməyən xüsusi katalkalardan istifadə olunur", - məlumatda bildirilib.
Vurğulanıb ki, bu, dünya praktikasında da istifadə olunan, aşağı büdcəli və səmərəli həllərdən biridir.
Qeyd edək ki, sosial mediada Klinik Tibbi Mərkəzdə xəstə daşınması üçün tibbi avadanlıq əvəzinə PVC borudan düzəldilmiş "xərək"-dən istifadə edildiyini əks etdirən görüntülər yayılıb.
Mərkəzin birinci korpusunda yerləşən şöbələrdən birində ağır xəstələrin daşınması üçün istifadə olunan xərəyin tibbi standartlara uyğun avadanlıq deyil, PVC plastik boruların bir-birinə birləşdirilməsi ilə hazırlanmış primitiv konstruksiya olduğu iddia edilir. Xəstələrin su borusundan hazırlanmış xərəkdə daşınması ictimaiyyət arasında ciddi müzakirələrə səbəb olub.